“Erməni QHT rəhbərləri Qarabağa gəlsin” təklifi

Azərbaycan onlara azad olunan ərazilərin indiki halı ilə işğal dövrünün fərqini göstərməyə hazırdır

“Azərbaycanın milli maraqlarının tələb etdiyi görüş, hadisə olarsa, bu səfər baş tuta bilər”. Bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekununa dair mətbuat konfransında “Hansı halda xarici işlər naziri Ermənistana səfər edə bilər?” sualına cavab olaraq deyib. Nazir Azərbaycan Prezidentinin Avropa Siyasi Birliyinin İrəvanda keçiriləcək sammitində iştirakının nəzərdə tutulmadığını da vurğulayıb. Ceyhun Bayramov qeyd edib ki, Prezidentin belə bir səfərinin olacağı haqda məlumatsızdır.

Qeyd edək ki, son aylarda sülh quruculuğu prosesində Azərbaycan və Ermənistan ekspertləri, QHT rəhbərləri qarşılıqlı səfərlər edib. Bundan əlavə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri ilk dəfə Bakıda olub və beynəlxalq tədbirdə iştirak edib. Həmçinin baş nazirlərin müavinləri delimitasiya komissiyasının iclasları çərçivəsində Azərbaycan və Ermənistan ərazilərində görüşüblər. Bütün bu faktlar tərəflərin sülh prosesinə təkan verməsinə xidmət edir.

C.Bayramovun açıqlaması isə onun İrəvana səfərini istisna etmir. Eynilə erməni həmkarı Ararat Mirzoyanın da Bakıya gəlişi mümkündür. Təbii ki, bu da bir ilk ola bilər. Əgər hər iki dövlət regionda sülhün dayanıqlı olması və etimad mühitinin möhkəmlənməsində maraqlıdırsa, belə səfərlərin gerçəkləşməsi zəruridir. Habelə bu səfərlərin müxtəlif səviyyələrdə intensivləşməsinə ehtiyac var. Məsələn, vətəndaş cəmiyyətinin üzvləri, siyasi partiya sədrlərinin də qarşılıqlı səfərləri ola bilər. Hətta erməni ekspertlərin, jurnalistlərin və QHT rəhbərlərinin Qarabağa səfərləri təşkil oluna bilər. Onlar azad olunan ərazilərin indiki halı ilə işğal dövrünün fərqinə görə bilsinlər. Ondan sonra hansısa fikir bildirsinlər. Çünki Qarabağdakı kilsələr və tikintilər haqda absurd ittihamlar səslənir.

Bəs azərbaycanlı siyasət adamları bu çağırışları necə dəyərləndirir?

 Samir Əsədli

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədlinin sözlərinə görə, Azərbaycan ermənilərin Qarabağa səfərlərini təşkil etməkdə maraqlıdır. Onun fikrincə, azad olunan torpaqların əsl sahibinin kim olduğunu erməni QHT rəhbərləri və siyasətçiləri gözləri ilə görə bilər: “İşğal dövründə daşı daş üstə qoymayan düşmən tərəfi həyasızcasına iddia edirdi ki, Qarabağ onların tarixi torpağıdır. Əgər bu torpaqların sahibi olsaydılar, şəhərləri xarabalığa çevirməzdilər. Hətta dovet dövründən yaşadıqları Xankəndi və ətraf əraziləri belə abadlaşdırmamışdılar. Azərbaycan isə şəhərləri bərpa edir, çünki torpağın ona aid olduğuna əmindir. İnsan özünə aid olmayana ögey yanaşır. Ermənilər də məhz Qarabağın onların olmadığını bildiyi üçün əraziləri baxımsız saxlamışdılar”.

S.Əsədli hesab edir ki, bu mənada ermənilərin azad olunan ərazilərə gəlişi onlarda da təsəvvür formalaşdıracaq: “Sadəcə, hazırda belə bir səfər gündəlikdə yoxdur. Məncə, ermənilər də buna razı olmazlar. Doğrudur, işğal dövründə Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli və başqa tanınmış azərbaycanlılar Şuşada olmuşdular. Bu, fürsət idi. Ancaq ermənilərin buna razı olacağını gözləmirəm. Əgər Paşinyana yaxın QHT-lərə belə bir tapşırıq verilərsə, bəlkə mümkün ola bilər. Məncə, təkcə Qarabağa səfər deyil, ümumiyyətlə, azərbaycanlı və erməni siyasi fəalların, partiyaların funksionerlərinin də qarşılıqlı səfərləri pis olmazdı. Buna qədər müxtəlif tədbirlərdə iştirak üçün deputatlar İrəvanda olublar. Habelə bugünlərdə ekspertlər səviyyəsində görüşlər keçirildi. Artıq Ceyhun Bayramov da belə bir səfərə getməyə hazır olduğunu açıqlayıb. Bütün bunlar xalqların da normal qonşuluq prinsipi ilə yaşamasına təsir edə bilər”.

S.Əsədli təklif edir ki, erməni cəmiyyətində Azərbaycana nifrət qalır və bunun aradan qaldırılması üçün iş görülməlidir: “Onların beynini zəhərləyiblər və bu gün də inandırırlar ki, türklər guya vəhşidir, harada erməni görsə öldürməyə hazırdır… Bu, saxta təbliğatdır. Köçəryan kimi qatillər, kilsədəki sülh düşmənləri erməni xalqını nağıllarla aldadıblar. Ona görə də ermənilərlə üzbəüz görüşlərə zərurət var ki, onlar bizi tanısınlar. Eyni zamanda bizim onlara yox, özlərinin azərbaycanlılara pislik etdiyini görməlidirlər”.

Qeyd edək ki, həm Azərbaycan, həm də Ermənistan bir-birinə etibar etməyə başladıqca, hərbi büdcəsini azaldarsa, onu inkişafa və xalqların rifahına yönəldə bilər. Sülh xarici investorları da cəlb edə bilər – dəmir yollarına, enerji layihələrinə investisiyalar həm də yeni iş yerlərnin açılmasına səbəb ola bilər və insanların gəlirləri artar. İqtisadi çətinliklər yaşayan iki xalq üçün bu, yaşayış səviyyəsinin artması ola bilər. Azərbaycan Zəngəzur koridorunu açıb Naxçıvana, oradan isə Türkiyəyə çıxış istəyir.

Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalasa, sərhədlərin açılmasına gətirib çıxara bilər. Bu isə ticarəti və turizmi canlandırar – insanlar qonşu ölkəyə – ermənilər Azərbaycana, azərbaycanlılar Ermənistana səyahət edər, bir-birinin bazarlarında məhsul sata bilər. Ancaq bunun üçün addımları sürətləndirmək lazımdır.

Hazırladı: Emil Salamoğlu

iconBabayolu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir