17 mart 1993
Bakıya qardaşım, həkim Mahirin nişanlısı, həmkəndlimiz Əliyev Kərəmin qızı Sevinc xanımın Novruz bayramına yoldaşımla birlikdə yola düşməli idik.
Amma əvvəlki plana görə atam Hacı müəllim və anam Şamama xanım getməli idilər. Biz isə yayda toya getməyi düşünürdük. Müharibə getdiyi üçün kənddə toy etmək çətinləşmişdi. Halbuki, toy üçün qabaqcadan tədarük görülmüşdü. Düzdür, o vaxtlar çətin dövr olsa da, 10 kisə un, böyük cöngə və qoyun toy üçün saxlanmışdı. Amma planın nə üçün dəyişdiyini bilmirdik.
Başlıbeldən rayon mərkəzinə kənddən iki avtobus gedərdi. Möhübbət əminin qırmızı avtobusu başlıbellilər üçün, Eldar əminin qırmızı avtobusu isə Xallanlı və Çovdar-Şahkərəm kənd camaatı üçün nəzərdə tutulmuşdu. Lakin həmin vaxtlarda Möhübbət əminin avtobusu cəbhəyə əsgər aparmaq üçün göndərildiyindən biz Eldar əminin avtobusu ilə getməli olduq.
Avtobus bir saat gecikdi. Nəhayət, saat 8-də avtobus Başlıbeldən rayona yola düşdü. Çıxan günəş gözəl yazın gəlişindən xəbər verirdi.
Üçüncü il idi ki, Kəlbəcər rayonunda elektrik enerjisini erməni vandalları kəsmişdi. Hələ bu azmış kimi, Ağdərə–Kəlbəcər yolu da bağlanmışdı. Ümid yalnız “Həyat yolu”na — Murov–Gəncə yoluna idi. (Həmin yolun təşəbbüsünü Təhməz Cəfərov vermiş, açılmasında böyük əməyi olmuşdu. Buna görə də “Təhməz Cəfərov yolu” adlandırılırdı.)
Həmin gün Kəlbəcərdə xalam oğlu, həm də bacanağım Binyamin Cəfərovun evində qaldıq. Səhəri isə “QAZ-69” (UAZ) markalı maşınla Murovu aşaraq Gəncəyə, oradan da avtobusla Bakıya — qardaşımgilə gəldik.
Artıq 33 il keçir — 17 martdan 33 il ötür. 33 ildir Başlıbelsizik. Şükür Allaha ki, indi rayonda həyat yenidən qaynayır.

Babayolu.az