“Əqidəsindən dönməyən ziyalı: Molla Məhəmməd Ağanın həyat yolu”

Öz dövrünün əzablarına qatlaşaraq əqidəsini, amalını dəyişməyən Azərbaycan ziyalısı — Molla Məhəmməd Ağa

Molla Məhəmməd Ağa 1890-cı ildə Kəlbəcər rayonunun Başlıbel Seyid kəndində orta dini təhsil almış Mirzə kişinin ailəsində dünyaya göz açmışdır. Atası yazı-pozu bildiyi üçün oğlu Məhəmmədi öz dövründə daha gərəkli sayılan din xadimi kimi yetişdirmək istəyirdi. Bunun üçün də o dövrün orta məktəbi hesab olunan yeddiillik mədrəsəni bitirdikdən sonra onu Şuşaya (Qalaya) göndərir. O, Şuşada 7 il dini təhsil alır. Daha sonra dini biliklərini artırmaq üçün İrana gedir. Orada ali ruhani təhsili alıb Başlıbelə qayıdır.

Başlıbelə qayıdanda artıq Azərbaycanda sovet hakimiyyəti qurulmuşdu və onun yiyələndiyi İslam alimliyi qadağan edilmişdi. Bu cür şəxsləri həbs edir, hətta ölüm hökmünə məhkum edirdilər. Namaz qılanlara belə təzyiqlər göstərilirdi.

Molla Məhəmməd necə həbs edildi

Sovet hakimiyyəti qurulduqdan sonra kolxoz quruculuğuna xüsusi diqqət yetirilirdi. 1930-cu illərdə əmisi oğlu Əli (Allahyar Ələsgərov, Zülfüqar Hüseynzadənin ata babası, Yasin İsmayılov, Zülal İsmayılov, Qəşəm İsmayılovun ana babası), Cabbar (Osman Mirzəyev, Bəhram Mirzəyevin ata babası) və Sadıq (İlqar Mirzəyevin ata babası) kolxoza məxsus xəstələnib ölən inəyi kəsdiklərinə görə Kəlbəcər rayon milisi tərəfindən həbs edilirlər.

Molla Məhəmməd Ağa həmin dövrdə sayılıb-seçilən şəxs olduğu üçün Kəlbəcər rayon milis idarəsinin rəisinin yanına gedərək deyir:
– Uşaqları azad edin, xahiş edirəm! Bir inəyə görə bir çətin ailəni başsız qoymayın!

Sonra bir qızıl onluq pulu rəisin stolunun üstünə qoyur. Milis rəisi isə cavab verir:
– Molla Məhəmməd Ağa, bu məsələ asan deyil, artıq yuxarı instansiyalara çatıb. Mən onları buraxa bilmərəm. Qızılı götürün, yoxsa sizi də həbs etdirərəm!

Molla Məhəmməd Ağa elə düşünür ki, qızıl azdır, buna görə də rəis razılaşmır və bir qızıl onluq da əlavə edir. Rəis qızılları geri götürməyi xahiş etsə də, Molla Məhəmməd Ağa israr edir. Nəticədə bu hərəkət rüşvət kimi qiymətləndirilir və o da həbs olunur.

Necə oldu ki, Molla Məhəmməd Ağa güllələnmədi

Kəlbəcər məhkəməsi həbs edilən üç kolxozçuya güllələnmə cəzası verir, Molla Məhəmməd Ağa isə 6 il həbs cəzasına məhkum edilərək Sibirə göndərilir.

Sibir həyatı

Ağır Sibir həyatı onun üçün çox çətin keçir. Orada dini təhsil aldığı tələbə yoldaşları ilə qarşılaşır və onların da səbəbsiz həbs edildiyini öyrənir. Tələbə yoldaşlarından biri ona deyir:
– Məhəmməd, sən geri qayıdacaqsan, amma biz yox. Çünki səni rüşvətə görə həbs ediblər, bizi isə dini təhsil aldığımıza görə.

Sonralar Molla Məhəmməd Ağa danışırdı ki, həqiqətən də bir neçə gündən sonra onları ayırdılar və bir daha onlardan xəbər çıxmadı. Sonradan məlum oldu ki, onları güllələmişdilər.

Sibirdən qayıdanda artıq xəstə idi. Ağır həbs həyatı onun sağlamlığına ciddi təsir etmişdi. Həbs olunduğu dövrdə ailədə çörək qazanan ən böyük uşaq Hacı idi və cəmi 7 yaşı vardı. O, camaatın mal-qarasına baxaraq qazanc əldə edir, anasına kömək edirdi.

Seyid Molla Məhəmməd Ağanın tövsiyələri

Molla Məhəmməd Ağa yüksək dini təhsil almışdı və dərin biliklərə malik idi. O, kəndinə göstərdiyi dini xidmətlərə görə heç vaxt ödəniş almazdı. Kəbin kəsərkən, dəfn mərasimlərində xidmətlərini təmənnasız yerinə yetirərdi. Hətta bəzən toy sahibləri kəbin kəsdirməyi unudanda deyərdi:
“Lənətə gəlmişlər, ən vacib işi unudublar”
və özü kəbin kəsib uşaqları Həsən və İbrahim vasitəsilə xəbər göndərərdi.

O deyirdi:
– Qəbir elə olmalıdır ki, zaman keçdikcə torpaqdan yalnız başdaşı görünsün.

Öz vəsiyyətində də məzarının sadə olmasını istəmişdi. Oğulları da bu vəsiyyətə əməl etmişdilər. Başlıbel qəbiristanlığı ermənilər tərəfindən dağıdılarkən onun qəbri digərlərindən fərqlənmədiyi üçün toxunulmamışdı.

O həmçinin deyirdi:
– Dəfn edən molla 40 gün ərzində mərhum üçün Quran oxumalıdır. Əks halda günah qazanar.
– Mərhumun yaşı qədər ehsan verilməlidir.
– 40 mərasimi vacibdir, lakin il mərasimi vacib sayılmır.
– 15 yaşdan aşağı vəfat edənlər üçün ehsan məclisi qurmaq düzgün deyil.
– Ehsan sadə olmalı, halva ilə kifayətlənilməlidir. Məclisə gələnlər təsəlli vermək üçün gəlməlidir.

Sınaqdan çıxmış inanclar

Həkimlərin az olduğu dövrdə Molla Məhəmməd Ağa dua yazmaqla insanları müalicə etməyə çalışırdı. Hətta heyvanlar balasını qəbul etmədikdə dua yazıb buynuzuna bağlayırdı və bunun təsir etdiyinə inanılırdı.

O, həm də çox səxavətli idi. İmkansızlara yardım edər, borc pul verərdi. Borcunu qaytarmayanlara isə:
“Sələm haramdır” – deyərək irad tutmazdı.

Var-dövlətinin əlindən alınması

Sovet hakimiyyəti qurulduqdan sonra varlı şəxslərin əmlakı müsadirə olunur və onlar “kulak” adlandırılırdı. Molla Məhəmməd Ağanın da mal-qarası əlindən alınmışdı. Oğlu Hacı deyirdi:
“Evimizi, təsərrüfatımızı elə taladılar ki, yeməyə heç nə qalmadı. Hətta yeni doğulmuş buzovu belə aparmışdılar.”

Bu hadisələri əvvəlcədən Seyidağa (Etibar Seyidağanın babası) xəbər versə də, Molla Məhəmməd Ağa buna inanmamışdı.

Sovet hakimiyyəti İslam dinini qadağan etdiyi üçün o, açıq şəkildə davamçı yetişdirə bilməmişdi. Lakin gizli şəkildə gənclərə Quran öyrədirdi. Zəkalı və dinə meyilli Möhsün Qədim oğluna xüsusi diqqət yetirərək deyirdi:
“Möhsünün həm qiraəti, həm də öyrənmə qabiliyyəti yaxşıdır. Məndən sonra davamçım ola bilər.”

iconBabayolu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir