İstisu Zavodunun Baş Mühəndisi: Məhəmməd Hacıyevin Həyat Hekayəsi

Məhəmməd Hacıyev 1 fevral 1946-cı ildə Kəlbəcər rayonunun Nadirxanlı kəndində anadan olub. Anasının himayəsində böyüyüb və uşaq vaxtı zəif olduğu üçün məktəbə bir il gec başlamalı olub. 1954-cü ildə Nadirxanlı kənd ibtidai məktəbinə gedib. Bu məktəbdə müəllimləri rəhmətlik Nadir Rəhimov və həyat yoldaşı Səkinə Sadıqova (Qurban müəllimin bibisi) olub.

5-ci sinifdən sonra Kəlbəcər rayonunun Qılıclı kənd orta məktəbinə keçib. O vaxt bacısı həmin məktəbdə 10-cu sinifdə oxuyurdu. İbtidai məktəbdə əlaçı olmasa da, hesab dərsində həmişə əlaçı olub. Qılıclı məktəbində sinif rəhbəri rəhmətlik Fərhad Rüstəmov onu yaxından tanıyıb və bacısına demişdi ki, Məhəmməd hesabı yaxşı bilir, ona diqqət yetirsə, bütün fənlərdən yaxşı oxuyar. Bu sözlər doğrulub və Məhəmməd Hacıyev orta məktəbdə əlaçı olub.

Məhəmməd Hacıyev Fərhad müəllimi özünə mənəvi ata hesab edib. O, hər dəfə Fərhad müəllimlə görüşəndə özünü şagird kimi aparıb. O dövrün digər müəllimlərindən də böyük minnətdarlıqla bəhs edir. Professor Başlıbelli Əli Mirzəyev, həyat yoldaşı Mənzurə, Əli Nadirov, Əmiraslan Qasımov, həyat yoldaşı Narin, İslam Salahov, Həsən İsmayılov (direktor), Nüsrət Əhmədov, Nüsrət Tağıyev, Saleh Rüstəmov, Hüseyn Babayev, İlyas Mustafayev, Mariya Mixaylovna və Mariya Vasilyenko kimi müəllimlərin zəhmətini unutmur. Bu müəllimlərdən yalnız İlyas və Hüseyn müəllim sağdır, qalanları isə rəhmətə gedib.

Məhəmməd Hacıyev məktəb illərində yazı xəttinin pis olduğunu və buna görə orta məktəbdə medal ala bilmədiyini deyir. O vaxtlar buraxılış yazı imtahanı Maarif Nazirliyinə göndərilirdi və yazı xəttinin pis olması səbəbindən onun yazısı qəbul edilməyib.

1965-ci ildə 11-ci sinfi bitirib, 85 manatla Bakıya gəlib və o vaxtkı Politexnik İnstitutunun axşam şöbəsinin Avtomatika və Hesablama Texnikası fakültəsinin maşınqayırma istehsalının avtomatlaşdırılması ixtisasına qəbul olub. Gündüzlər keçmiş “Mərkəzi elektrotökmə” zavodunda fəhlə işlədikdən sonra, axşamları oxuyaraq institutu fərqlənmə diplomu ilə bitirib.

Diplom müdafiəsini 3 ay Moskvada yazıb, Bakıda müdafiə edib. Yazdığı diplom işini kafedra müdiri rəhmətlik Ənvər müəllim təsdiq etməli imiş, amma Məhəmməd Hacıyevin yazı xətti çox pis olduğu üçün, əvvəlcə qəbul etməyib. Məsələni bilən dekan Aslan Aslanov, Məhəmmədin əlaçı olduğunu Ənvər müəllimə deyəndən sonra diplom işini təsdiqləyib.

Diplomunu isə 3 il sonra alıb. Bunun səbəbini belə izah edir: İxtisas diplomunu almağa gedərkən, katibə diplomu gətirəndə onun qırmızı olmadığını görüb. Diplomun səhv verildiyini anlayıb və həmin səhvin düzəldilməsi üçün 3 il ərzində Ali Təhsil Nazirliyinə ərizə verib və nəticədə haqq etdiyi əlaçı diplomunu alıb.

1971-ci ildə institutu bitirdikdən sonra, anasının yanında olmaq üçün rayona qayıdıb və oktyabr ayında Nəcəfalı kənd səkkizillik məktəbinə fizika-riyaziyyat müəllimi olaraq təyin edilib. Orada 1972-ci ilin may ayına qədər işləyib, sonra bir illik hərbi xidmətə gedib.

Hərbi xidmətdən qayıtdıqdan sonra, rayon komitəsinin katibi rəhmətlik Murtuzayevin köməyi ilə, Bakı Yeyinti-Ərzaq Zavoduna göndərilib və burada çilingər işləyib. Sonra “Bakı Elektrik Maşınqayırma” zavodunda mühəndis-mexanik olaraq çalışıb. Eyni zamanda zavodun ilk partiya katibi olub.

1977-ci ildə Kəlbəcərdə İstisu mineral su doldurma zavodu işə düşdükdən sonra, Məhəmməd Hacıyev burada mühəndis-mexanik vəzifəsində fəaliyyətə başlayıb və 1990-cı ildən rayon işğal olunana qədər baş mühəndis kimi çalışıb. İşlədiyi dövrdə bir neçə səmərələşdirici təklif verib, o cümlədən İstisu suyunun karbon qazı ilə zənginləşdirilməsini təklif edib. Bu təklif o dövrün Yeyinti Sənayesi Nazirliyi tərəfindən bəyənilib və Məhəmməd Hacıyev mükafatlandırılıb.

Rayon işğal olunandan sonra, Bakıya qayıdıb və 1993-cü ilin aprelindən 2010-cu ilin dekabrına qədər Xırdalan Pivə Zavodunda müxtəlif vəzifələrdə çalışıb. 2010-cu ildə təqaüdə çıxıb və 2012-ci ildən bu günə qədər Xırdalan şəhərində yaşayır.

Məhəmməd Hacıyev həm də İstisu mineral su zavodunda ictimai vəzifə olaraq partiya təşkilatının katibi olub. 1980-ci ildə isə Azərbaycan KP MK-nın Marksizm-Leninizm Universitetinin fəlsəfə fakültəsini qiyabi şəkildə bitirib və mühəndis-filosof dərəcəsi alıb.

Məhəmməd Hacıyevin həyatında bir çox çətinliklər olsa da, o, hər zaman mübarizə aparıb və haqq etdiyi nailiyyətlərə çatıb.

Babayolu.az saytı adından Məhəmməd Hacıyevi 80 illik yubileyi münasibətilə təbrik edirik!

Əziz Məhəmməd Hacıyev, doğum gününüz mübarək! 80 illik həyatınız boyunca qazandığınız təcrübə, əzmkarlıq və uğurlarınız, həm sizin, həm də cəmiyyətimiz üçün böyük əhəmiyyət kəsb edir. Bu möhtəşəm dövrü qeyd edərkən, sizə sağlamlıq, xoşbəxtlik və yeni uğurlar arzulayırıq. Həyatınızın hər bir mərhələsində göstərdiyiniz zəhmət və fədakarlıq bizim üçün örnəkdir.

Yubileyiniz mübarək, Məhəmməd müəllim!

iconBabayolu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir