Son xəbər...

Magistraturada boş qalan yerlər təhsil siyasətinin, yoxsa qəbul sisteminin səhvidir?..-ARAŞDIRMA

“Magistraturada boş qalan yerləri avtomatik olaraq qəbul prosedurunun nəticəsi kimi təqdim etmək metodoloji baxımdan səhvdir…”
“Hal-hazırda ölkədə təxminən  250 min tələbə var. Təxminən 50 min tələbə də xaricdə təhsil alır. Ölkə iqtisadiyyatı 300 min  gənc mütəxəssisi 4-5 ildən sonra işlə təmin edə biləcəkmi?..”
“2026-cı ilin magistratura nəticələri Azərbaycan ali təhsil sistemi üçün bir sıra suallar yaratdı.  2026/2027-ci tədris ilində  magistraturaya qəbulda   plan yerlərini bir hissəsi  yenə boş qaldı…”
“Əgər qəbul planı real tələbə və əmək bazarı ehtiyacından artıqdırsa, boş yerlərin yaranması statistik baxımdan gözlənilən nəticədir…”  
“Əgər məktəb etibarlı işləsəydi, qəbul sisteminin arxitekturası başqa cür olardı…”
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun  Azərbaycanda elm və təhsilin problemləri barədə “Magistraturada boş qalan yerlər təhsil siyasətinin, yoxsa   qəbul sisteminin səhvidir?..” başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
Dövlət İmtahan Mərkəzinin rəsmi məlumatına görə, əsas müsabiqədə ixtisaslaşma seçimində iştirak edən 15 721 bakalavrdan 13 845 nəfər magistraturaya qəbul olunub. Daha sonra boş qalan yerlər üzrə keçirilən əlavə müsabiqəyə 1457 nəfər müraciət edib və onların 508 nəfəri qəbul olunub. Yəni, təxminən 1000  yer boş qaldı.  Bu rəqəmlər göstərir ki, problem təkcə “imtahandan keçə bilməyənlərin sayı” ilə izah oluna bilməz.
Təklif olunan magistr təhsili ilə potensial tələbənin gözləntisi, əmək bazarının ehtiyacı və təhsil sisteminin real nəticələri arasında ciddi uyğunsuzluq yaranıb. Təəssüf ki, bu cür struktur problemlər yaranan kimi ictimai müzakirə çox vaxt yanlış istiqamətə yönəlir.   Müzakirələr  məqsədli şəkildə “niyə bu qədər yer boş qaldı?” sualından   “DİM hansı səhvi etdi?” sualına yönəldilir. Bu səbəblə nəticəni qarışdırmaqdır…
Problemin təşkilati xəritəsi…  
Təhsil siyasətinin elmi təhlilində hər bir nəticə bu siyasəti formalaşdıran  qurumun səlahiyyətləri çərçivəsində qiymətləndirilməlidir. Yəni, hansı nəticəyə kimin cavabdeh olduğu dəqiqləşdirilməlidir.  Yoxsa, obyektiv təhlil aparmaq mümkün olmaz.
DİM-in əsas funksiyası qəbul və qiymətləndirmə prosesinin təşkilidir. Magistratura üzrə müsabiqəyə buraxılış, imtahan nəticələrinin qiymətləndirilməsi və namizədlərin mövcud qaydalar əsasında yerləşdirilməsi onun  funksiyanın əsas elementləridir.
Lakin təhsilə dair bir sıra mühüm sualların cavabı DİM-in  mandatından kənardadır:
• ölkəyə hansı ixtisaslar üzrə neçə magistr lazımdır?
• magistr proqramlarının keyfiyyəti necədir?
• magistr diplomunun əmək bazarında əlavə iqtisadi dəyəri varmı?
• universitetlərdə hansı proqramlar saxlanılmalı, hansılar bağlanmalıdır?
• qəbul planları hansı əmək bazarı proqnozlarına əsaslanır?
• ali təhsil müəssisələrinin hazırladığı məzunların məşğulluq nəticələri necədir?
Bu məsələlər təhsil siyasətinin və ali təhsil idarəçiliyinin predmetidir.  Ona görə də magistraturada boş qalan yerləri avtomatik olaraq qəbul prosedurunun nəticəsi kimi təqdim etmək metodoloji baxımdan səhvdir.  İmtahan sistemi təhsildəki ciddi  problemlərin  kökü deyil.  İmtahan sistemi bu problemləri ölçür və görünən edir…
Boş qalan yerlər  statistika deyil, bazarın siqnalıdır…
Ali təhsil iqtisadiyyatı baxımından boş qalan plan yeri sadəcə doldurulmayan yer deyil,  bu, sistemə göndərilən siqnaldır.  Əgər müəyyən proqramlara kifayət qədər namizəd müraciət etmirsə və ya namizədlər qəbul olunduqdan sonra həmin proqramdan imtina edirlərsə, bir neçə ehtimal ola bilər:
1. Proqramın  tələbə üçün akademik və peşəkar dəyəri aşağıdır.
2. Təhsil xərci və əldə ediləcək nəticə arasında uyğunluq yoxdur.
3. Magistr dərəcəsinin əmək bazarında əlavə gəlir və ya karyera üstünlüyü yaratmasına inam azdır.
4. Qəbul planı real tələb və ehtiyacdan çoxdur.
5. Bakalavr təhsili nəticələri magistratura  üçün kifayət qədər akademik hazırlıq yaratmayıb.
Bu ehtimallardan hansının Azərbaycanda dominant olduğunu müəyyən etmək üçün sistemli məlumat lazımdır. Boş qalan yerlərin səbəbləri sosial şəbəkə polemikası ilə deyil, empirik tədqiqatla araşdırılmalıdır.
OECD-nin ali təhsilin əmək bazarı ilə əlaqəsinə dair tədqiqatları göstərir ki, ali təhsil sisteminin səmərəsini  yalnız qəbul və məzun sayları ilə qiymətləndirmək olmaz. Əsas göstəricilərdən biri məzunların məşğulluğu, gəlirləri və aldıqları təhsilin əmək bazarının real ehtiyacları ilə uyğunluğudur. OECD bu uyğunluğun təmin edilməsi üçün təhsil qurumları, hökumət və işəgötürənlər arasında davamlı koordinasiyanın vacibliyini xüsusi vurğulayır.
Magistr dərəcəsinin dəyəri kor-təbii yaranmır…
Magistratura haqqında müzakirələrdə belə bir yanlış fərziyyə var ki, guya bakalavr təhsilindən sonra magistr dərəcəsi almaq öz-özünə yüksək peşəkar status və  yaxşı əmək bazarı nəticəsi yaratmalıdır.  Beynəlxalq təcrübə bunu təsdiq etmir.  OECD məlumatları göstərir ki, magistr dərəcəsi orta hesabla əmək bazarında daha yüksək məşğulluq və gəlir göstəriciləri ilə əlaqəli olsa da, bu üstünlük bütün ölkələrdə və bütün ixtisas sahələrində eyni deyil. Əmək bazarı nəticələri təhsil səviyyəsi ilə yanaşı, ixtisasdan, iqtisadi strukturdan və işəgötürənlərin tələbatından ciddi şəkildə asılıdır.
Magistratura diplomunun dəyəri onun adında deyil, yaratdığı əlavə səriştədədir.  Əgər bakalavr və magistr proqramları arasında real akademik fərq yoxdursa, magistratura sadəcə təhsilin müddətini uzadır. Əgər magistr proqramı tədqiqat, analitik düşünmə, elmi metodologiya, peşəkar ixtisaslaşma və yüksək səviyyəli praktiki bacarıqlar yaratmırsa, əmək bazarının həmin diplom üçün əlavə dəyər ödəməsi real deyil.   Bu halda potensial tələbə sual verə bilər ki, daha 2 il  oxumaq mənə konkret  nə verəcək?   Bu suala təhsil sistemi konkret  cavab vermir,  bunun  nəticəsində də magistraturada boş yerlər  yaranır.
Əsas problem qəbul planlarının elmi əsasının olmamasıdır… 
Azərbaycan ali təhsil sistemində ən vacib suallardan biri qəbul planlarının necə formalaşdırılmasıdır.  Ali məktəblərə və magistratura proqramlarına neçə nəfərin qəbul olunacağı sadəcə inzibati qərar olmamalıdır. Bu qərar konkret  məlumatlara əsaslanmalıdır: ölkə üzrə məşğulluq proqnozları, iqtisadiyyatın sektorlar üzrə inkişaf istiqamətləri, ixtisaslar üzrə mövcud məzun sayı, həmin məzunların işlə təmin olunma səviyyəsi, işəgötürənlərin orta və uzunmüddətli kadr ehtiyacı, universitetlərin real akademik və elmi potensialı…
OECD-nin  2026-cı il  hesabatında (“Ali təhsilin əmək bazarının dəyişən bacarıq ehtiyaclarına uyğunlaşdırılması”) əsas diqqət  gələcək bacarıq tələbatının proqnozlaşdırılmasına və bu məlumatların ali təhsil proqramlarının planlaşdırılmasında  istifadəyə yönəldilir.  Azərbaycan üçün də bu yanaşma prinsipial əhəmiyyət daşıyır…
Əgər qəbul planı əmək bazarı proqnozundan ayrı hazırlanırsa, müəyyən sahələrdə məzun bolluğu yaranacaq, digər tərəfdən də iqtisadiyyat ehtiyacdan duyduğu mütəxəssisləri tapa bilmir.  Bu, ali təhsil sisteminin struktur uyğunsuzluğudur.
Kəmiyyət artımı keyfiyyət artımı demək deyil…
Son illər ali təhsilə çıxış imkanlarının genişləndirilməsi sosial baxımdan müsbət haldır.  Lakin qəbul yerlərinin artırılması ilə ali təhsilin keyfiyyətinin yüksəlməsi arasında  əlaqə yoxdur. Hal-hazırda ölkədə təxminən  250 min tələbə var. Təxminən 50 min tələbə də xaricdə təhsil alır. Ölkə iqtisadiyyatı 300 min  gənc mütəxəssisi 4-5 ildən sonra işlə təmin edə biləcəkmi? Yəni, ildə 60 min diplomlu gənc mütəxəssisə ehtiyac varmı? İqtisadiyyat və əmək bazarı nə vəd edir bu məsələdə? Nəzərə alaq ki, bu gün artıq 10 minlərlə belə diplomlu gənc işsizidr…
Ali təhsildə kütləviləşmə, bu sistemlər paralel inkişaf etdikdə uğurlu nəticə verir: orta təhsilin keyfiyyəti, universitet müəllimlərinin akademik potensialı, laboratoriya və tədqiqat infrastrukturu, tədris proqramlarının müasirliyi, universitetlərin maliyyələşməsi, tələbə dəstəyi, əmək bazarı ilə əlaqə.  Əgər qəbul yerləri artırılır, amma bu sistemlər eyni sürətlə inkişaf etmirsə, onda ali təhsil genişlənər, amma onun  keyfiyyəti aşağı düşə bilər.  Bu baxımdan əsas məsələ “nə qədər tələbə qəbul etdik” deyil,  “nə qədər keyfiyyətli məzun hazırladıq və həmin məzunların neçə faizi öz potensialına uyğun iqtisadi fəaliyyətə qoşuldu” kimi olmalıdır.
DİM problem yaradır, yoxsa təhsil sisteminin problemlərini görünən edir?..
Bu sual ciddi  təhlil tələb edir.  Əgər orta məktəbdə şagirdlər lazımi akademik baza əldə etmirlərsə, bu problem qəbul imtahanında yaranmır. Əgər bakalavr təhsilinin keyfiyyəti magistratura üçün zəruri tədqiqat və analitik səriştələr  yaratmırsa, bu problem magistratura imtahanında yaranmır. Əgər magistr diplomu əmək bazarında əlavə dəyər yaratmırsa, bu problem  qəbul imtahanına aid deyil.  Əgər qəbul planı real tələbə və əmək bazarı ehtiyacından artıqdırsa, boş yerlərin yaranması statistik baxımdan gözlənilən nəticədir.
Bu səbəblərdən DİM-i təhsil sisteminin bütün problemlərinin mərkəzi kimi təqdim etmək elmi əsaslı qərar deyil.  Bu,  sadəcə səbəb-nəticə əlaqələrinin məqsədli şəkildə qarışdırılmasıdır.
DİM-in fəaliyyəti, əlbəttə, müstəqil şəkildə qiymətləndirilə və tənqid edilə bilər. Qəbul mexanizmləri daim təkmilləşdirilməlidir. İmtahan tapşırıqlarının keyfiyyəti, qiymətləndirmə metodologiyası, nəticələrin elan olunması və namizədlər üçün prosedurlar ictimai və peşəkar müzakirəyə açıq olmalıdır.   DİM-in nöqsanlarını araşdırmaq bir  məsələdir, təhsil sisteminin struktur problemlərini DİM-in üzərinə yükləmək tam başqa məsələdir.
Əgər məktəb etibarlı işləsəydi, qəbul sisteminin arxitekturası başqa cür olardı…
Azərbaycan təhsilinin uzunmüddətli strateji məqsədlərindən biri məktəb qiymətləndirməsini elə səviyyəyə çatdırmaq olmalıdır ki, attestat real akademik nəticəni əks etdirsin.  Bu halda ali təhsilə qəbulun modeli də tədricən dəyişə bilər.   Məsələ DİM-in inzibati şəkildə ləğv edilməsində deyil, təhsil sistemi elə inkişaf etməlidir ki, qəbul imtahanının indiki qədər dominant rol oynamasına ehtiyac qalmaın, daha balanslı model yaransın.
Bunun üçün  məktəbdaxili qiymətləndirmə etibarlı olmalıdır, buraxılış qiymətləndirilməsi səriştə əsaslı olmalıdır, məktəb qiymətləri universitet üçün məlumat dəyəri yaratmalıdır, qiymətləndirmədə subyektivlik minimuma endirilməlidir, məktəb məzununun akademik portfeli etibarlı göstəriciyə çevrilməlidir.  Belə sistem qurulmadan “imtahanı ləğv edək” demək problemi həll etməz,  əksinə, etibarsız qiymətləndirmə şəraitində qəbul prosesi yeni problemlər yarada bilər.
Konkret təkliflər paketi
Mövcud vəziyyətin dəyişdirilməsi üçün  kosmetik qərarlar kifayət deyil, sistemli islahat paketi lazımdır.
1. Magistratura üzrə “ehtiyac və səmərəlilik auditi” keçirilməlidir
Bütün magistr proqramları bu meyarlar üzrə qiymətləndirilməlidir: tələbə tələbi, məzunların məşğulluğu, əməkhaqqı nəticələri, proqramın elmi potensialı, müəllim heyətinin keyfiyyəti, tədqiqat infrastrukturu, proqramın bakalavr pilləsindən fərqləndirici dəyəri.  Davamlı olaraq zəif nəticə göstərən proqramlar bağlanmalı və ya birləşdirilməlidir.
2. Qəbul planları üçün “İnsan kapitalı proqnoz sistemi” yaradılmalıdır
Qəbul planları yalnız əvvəlki ilin rəqəmlərinə əsaslanmamalıdır.  İqtisadiyyat, əmək bazarı, texnologiyalar və demoqrafiya üzrə 5, 10 və 15 illik proqnozlar hazırlanmalıdır.  Bu sistem ETN, iqtisadi və əmək siyasəti qurumları, universitetlər, işəgötürənlər və müstəqil ekspertlər arasında məlumat mübadiləsinə əsaslanmalıdır.
3. Magistraturanın yeni missiyası müəyyən edilməlidir
Bütün magistr proqramları eyni modeldə fəaliyyət göstərməməlidir. Magistratura üç əsas istiqamət üzrə diferensiallaşdırıla bilər:
Tədqiqat magistraturası – doktorantura və elmi fəaliyyətə hazırlıq.
Peşəkar magistratura – əmək bazarında yüksək ixtisaslaşma.
Texnoloji magistratura – yeni texnologiyalar və sənaye ehtiyacları üçün qabaqcıl kompetensiyalar.
Bu differensiasiya magistr diplomunun məzmununu və dəyərini aydınlaşdırar.
4. Universitet fəaliyyət nəticələsinə görə maliyyələşdirilməlidir
Universitetlərin maliyyələşməsində yalnız tələbə sayı əsas göstərici olmamalıdır.  Məzunların məşğulluğu, ixtisas üzrə işə qəbul, elmi nəticələr, patentlər, sənaye ilə əməkdaşlıq, beynəlxalq layihələr, tələbə və məzun nəticələri nəzərə alınmalıdır.  Beləliklə, universitet üçün “nə qədər tələbə qəbul etdim?” sualı “nə qədər nəticə yaratdım?” sualı ilə əvəz olunmalıdır.
5. “Ali təhsil–əmək bazarı” məlumat bazası yaradılmalıdır
Hər məzunun əmək bazarına keçidi anonimləşdirilmiş statistik sistem vasitəsilə izlənməlidir.  Bu halda dövlət və ictimaiyyət görə bilər ki, hansı universitetin məzunları daha tez iş tapır, hansı ixtisaslar yüksək gəlir yaradır, hansı proqramların məzunları öz ixtisasından kənarda işləyir, hansı sahələrdə məzun bolluğu mövcuddur.  Bu məlumatlar olmadan qəbul planlaşdırılması  səhv ola bilər.
Magistraturadakı boş yerlər qəbul məsələsindən daha böyük problemdir…
Magistraturada boş qalan yerləri yalnız imtahan proseduru ilə izah etmək səhvdir.  Bu vəziyyət ali təhsil sistemində üç əsas məsələni gündəmə gətirir:
1. Hazırladığımız proqramlara real tələb varmı?
2. Bu proqramların məzunları əmək bazarında əlavə dəyər yarada bilirmi?
3. Qəbul planları  ölkənin gələcək iqtisadi və texnoloji inkişafı ilə əlaqəlidirmi?
Əgər bu suallara empirik məlumatlarla cavab verilmirsə, onda hər il boş qalan yerlər, iş tapa bilməyən məzunlar və diplomların dəyəri ilə bağlı mübahisələr təkrarlanacaq.
Azərbaycan təhsilinin qarşısında duran əsas məsələ DİM və ETN-ni  qarşıdurma  tərəflərinə çevirmək deyil.  Problem təhsil sistemində səbəb-nəticə əlaqələrini düzgün müəyyənləşdirməkdir.
DİM-in fəaliyyəti peşəkar meyarlarla qiymətləndirilməlidir.  ETN-nin təhsil siyasəti  onun yaratdığı nəticələr əsasında qiymətləndirilməlidir. Universitetlər məzunlarının sayı ilə deyil, yaratdıqları insan kapitalının keyfiyyəti ilə qiymətləndirilməlidir.
Magistratura sadəcə növbəti diplom mərhələsi deyil, iqtisadiyyatın və elmin ehtiyac duyduğu yüksək səviyyəli insan kapitalının hazırlanma  mərhələsi olmalıdır.  Əks halda, boş qalan plan yerləri haqqında hər il eyni mübahisələr davam edəcəkdir.  Bir tərəf imtahanı günahlandıracaq, digər tərəf universiteti,  universitet məktəbi, məktəb də  şagirdi günahlandıracaq.  Amma əsas problem yenə həll edilməyəcək.
Təhsildə təhlükəli hal problemin olması deyil, bu problemin səhv diaqnoz edilməsidir. Çünki səhv diaqnoz  verilən sistemdə, hətta  yaxşı niyyətlə qəbul edilən qərarlar da problemi həll etmir, əksinə problemləri daha da dərinləşdirir…
Müəllif:
Dosent İlham Əhmədov
iconBabayolu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir