Müəllimin Susqunluğu və Valideyn Məsuliyyətsizliyi
Biz nə qədər “pedaqoji etika”dan, “müasir yanaşma”dan, “şirin dil”dən danışsaq da, reallıq divarların arasındakı mənzərə tam başqadır. Bu gün məktəb dəhlizlərində özünü sanki təhsil ocağında deyil, məhəllə çayxanasında hiss edən, davranışına sərhəd qoyulmayan bir nəsil böyüyür. Və ən acınacaqlısı odur ki, bu mənzərənin memarı elə valideynin özüdür.
Müəllimin “Əli-qolu bağlı” Səbri
Müasir təhsil mühitində müəllim sanki “atəş xətti”ndə tək qalıb. Bir tərəfdən şagirdin cilovsuz davranışı, digər tərəfdən müəllimin əlindən alınan təsir rıçaqları və ona qoyulan saysız-hesabsız “olmazlar”. Bu, müəllimin acizliyi deyil; bu, savadlı, abrını gözləyən ziyalının öz ləyaqətini qorumaq üçün seçdiyi məcburi sükutdur. Müəllim ehtiyat edir, çünki bilir ki, haqlı olsa belə, günahkar kürsüsündə yenə o əyləşdiriləcək. Nəticədə isə fədakar pedaqoq yox, “45 dəqiqəni bir təhər yola verim” deyə düşünən bir “saat dolduran” yaranır.
Çantasını Yoxlamadığınız Övladınızın Gələcəyini Necə Görürsünüz?
Valideyn var ki, uşağını evdən yola salanda sanki üzərindəki ağır yükü başından edir. Övladının çantasına bir dəfə də olsun baxmayan, “bu uşaq dərsə nə apardı, nə oxudu?” deyə düşünməyən bir valideynin məktəbdən möcüzə gözləməyə haqqı varmı? Valideyn iclasına gəlməyən, məktəblə əlaqəni kəsən valideyn əslində övladının gələcəyini kəsir.
“Rüşvətlə” Məktəbə Gedən Şagirdlər
Bu gün bir çox ailədə dəhşətli bir tendensiya yaranıb: Şagird məktəbə valideyninin verdiyi “gündəlik pul” müqabilində gedir. Əgər bir uşaq məktəbə getmək üçün valideynindən pul tələb edirsə və valideyn də bu “rüşvəti” verərək uşağını yola salırsa, orada hansı tərbiyədən, hansı elm sevgisindən danışmaq olar? Belə uşaq üçün məktəb elm ocağı deyil, sadəcə cibxərcliyini xərcləyəcəyi bir məkandır.
Nəticə: Təhsil “Uşaq Saxlama Məntəqəsi” Deyil!
Məktəb valideynin məsuliyyətdən qaçıb uşağını “həvalə etdiyi” bir yer deyil. Valideyn-məktəb əlaqəsi qırılıbsa, orada sağlam cəmiyyət yetişə bilməz. Müəllimi öz abrına sığınmağa məcbur edən, şagirdin tərbiyəsizliyinə göz yuman bu sistemin fəsadlarını sabah hamımız yaşayacağıq. Unutmayaq ki, bu gün məktəbi çayxanaya çevirənlər, sabah cəmiyyəti xarabalığa çevirənlər olacaq.
Ardı var..
Müəllim susursa, cəmiyyətin gələcəyi kor olur. Günahkar axtarmazdan əvvəl, hər kəs uşağının çantasına və öz vicdanına baxmalıdır.
Yalçın Ağayev
Babayolu.az