TƏMƏL: Uğurlu işlərin başlanğıc nöqtəsi

Hər bir uğurlu işin, hər bir davamlı fəaliyyətin möhkəm təməli olur. Təməl yalnız başlanğıc deyil, həm də gələcək inkişafın əsasını təşkil edir. Özülü düzgün qoyulan iş zamanla möhkəmlənir, genişlənir və cəmiyyət üçün faydalı nəticələr verir.

“Başlıbelin İnkişafına Dəstək” İctimai BirliyininBabayolu.az informasiya platformasının yaranmasının əsas ideya müəllifi Başlıbel ziyalısı,“Başlıbel Akademiyası”nın akademiki Mirzəyev Sabir Hacı oğludur.

(Sabir Hacı oğlu Mirzəyev – Başlıbel)

Sabir Hacı oğlu Mirzəyev uzun illərdir doğma Başlıbelin tarixi yaddaşının qorunması, milli-mənəvi dəyərlərin yaşadılması, ziyalı ənənələrinin gələcək nəsillərə ötürülməsi istiqamətində düşünən və təşəbbüs göstərən ziyalılardandır. Onun ideyalarının mərkəzində ictimai həmrəylik, maarifçilik və milli kimlik anlayışları dayanır.

Məhz bu ideoloji baxışlar nəticəsində “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin yaradılması təşəbbüsü ortaya çıxmış, sonradan bu təşəbbüs real fəaliyyət müstəvisinə keçmişdir. Babayolu.az saytı da Sabir Hacı oğlu Mirzəyevin milli düşüncəyə, tarixi köklərə və mənəvi dəyərlərə əsaslanan ideya xəttinin məntiqi davamıdır.

“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi

İctimai Birliyin yaradılmasına xeyir-duanı Azərbaycanın sabiq millət vəkili Aqil Məmmədov vermişdir. Bu xeyir-dua uğurlu başlanğıc olmuşdur.

El ziyalısı Qurban Sadıqovun yaxından dəstəyi və zəhməti ilə İctimai Birlik formalaşaraq fəaliyyətə başlamışdır.

Hazırda Vüqar Həşimovun sədrliyi ilə “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi fəal şəkildə gündəmdədir və fəaliyyəti qənaətbəxş qiymətləndirilir.

Babayolu.az – mənəvi dəyərlərə söykənən informasiya platforması

Babayolu.az saytının yaradılmasına xeyir-duanı da el ziyalısı Qurban Sadıqov vermişdir.

Saytın ərsəyə gəlməsi, formalaşması və bu günə qədər fasiləsiz fəaliyyət göstərməsi isə Yalçın Ağayevin zəhməti və təşəbbüsü nəticəsində mümkün olmuşdur.

Ağır və məsuliyyətli işin əsas yükünü öz üzərinə götürən Yalçın Ağayev saytın möhkəm təməl üzərində qurulmasına, etibarlı və davamlı informasiya platformasına çevrilməsinə nail olmuşdur.

Yalçın Ağayev haqqında qısa məlumat

Yalçın Ağayev tanınmış ziyalı nəslinin nümayəndəsidir. O, “Başlıbel Akademiyası”nın akademiki kimi tanınan Ağa müəllimin nəvəsi, həmin akademiyanın akademiki Sabir müəllimin oğlu, Başlıbel seyidi Dəyirmançı Qaranın qız nəvəsi Məhluqə xanımın oğludur.

Bu gün həm Babayolu.az saytı, həm də “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi möhkəm ideya və sağlam təməl üzərində fəaliyyət göstərir. Bu təməlin ideya müəllifi Sabir Hacı oğlu Mirzəyev, təşkilati və icraçı xəttində isə əməyi olan ziyalı və fədakar şəxslərin birgə zəhməti bu təşəbbüslərin davamlılığını təmin edir.

Möhkəm təməl üzərində qurulan hər bir iş kimi, bu layihələr də gələcəkdə daha geniş miqyasda ictimai fayda vermək potensialına malikdir.

iconBabayolu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir