14 iyun 2024-cü il tarixində ağır avtomobil qəzası keçirdim və həyatım sanki həmin gündən dəyişdi. Sabunçu Tibb Mərkəzinin Təcili Tibbi Yardım Reanimasiya şöbəsinin peşəkar həkimlərinin sayəsində həyatda qalaraq həyatımı davam etdirirəm.
Təəssüf ki, sağlamlığımı itirmişəm və “xadunka” adlanan yerimə köməkçi alətindən istifadə etməyə məcbur olmuşam.
Buna baxmayaraq, həyat davam edir. Sağlamlığımın bərpası üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin son illərdə yaratdığı TƏBİB və icbari tibbi sığorta sisteminin sayəsində minimum vəsaitlə müalicəmi davam etdirə bilirəm. Ən sevindirici hal isə odur ki, həkimlər heç kimdən qeyri-qanuni ödəniş tələb etmirlər.
Bu müddət ərzində Səhiyyə Nazirliyinin bir çox strukturlarına müraciət etmişəm. Qeydiyyatda olduğum Xətai rayonu, 38 saylı Şəhər Poliklinikasında daim nervopatoloq Zeynəb Məmmədova, tibb bacısı Nurənə və qeydiyyat şöbəsinin əməkdaşları ilə təmasda olmuşam. Ümumilikdə poliklinikanın bütün kollektivinə minnətdarlığımı bildirirəm. Xüsusilə Zeynəb həkimin peşəkarlığı sayəsində sağlamlığım müəyyən qədər bərpa olunmaqdadır.
Eyni zamanda 38 saylı Şəhər Poliklinikasında yaradılmış yeni şəraitə görə baş həkim Günel xanıma da təşəkkürümü bildirirəm.
Əlilliyin təyin olunması üçün göndəriş əsasında M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasına göndərildim. Oradakı qayda-qanun və intizam məni çox sevindirdi. Göstərilən xidmətlərdən sonra “Təkliflər və şikayətlər” kitabına minnətdarlığımı yazmağı vətəndaşlıq borcu hesab etdim.
Daha sonra mənə Bilgəh qəsəbəsinə göndəriş verildi.
Bilgəhdə yaradılmış sistem ümumilikdə şəffaf olsa da, yerin dar olması, yolun uzaqlığı və rayonlardan gələn pasiyentlər üçün yaranan çətinliklər müəyyən narazılıqlara səbəb olur. Çünki ora müraciət edənlərin əksəriyyəti sağlamlığını itirmiş əlil insanlardır və onlar üçün daha əlverişli şəraitin yaradılması çox vacibdir.
Bununla yanaşı, direktor müavini Mina həkimə xüsusi minnətdarlığımı bildirirəm. O, hər bir pasiyentə diqqət və qayğı ilə yanaşır.
Lakin internet bağlantısında yaranan fasilələr səbəbindən pasiyentlərin müayinəsi gecikir və bu da sıxlığa səbəb olur.
Əlilliyin təyin olunması prosesində məni müayinə edən nervopatoloq Ülkər Abbasovaya, Nazilə həkimə və həkim komissiyasına da təşəkkür edirəm. Bu barədə də oradakı “Təkliflər və şikayətlər” kitabına minnətdarlığımı qeyd etmişəm.
Təklif olaraq bildirmək istərdim ki, laborator analizlərin hamısının həmin mərkəzdə əlçatan olması pasiyentlərin vaxt itkisini və əlavə çətinliklərini azalda bilər.
Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığımı bildirməyi vətəndaşlıq borcu hesab edirəm.
Sevindirici haldır ki, Azərbaycan səhiyyəsi ildən-ilə təkmilləşdirilir, əhalinin sağlamlığının və rifahının yaxşılaşdırılması üçün mühüm qərarlar və sərəncamlar qəbul edilir. Aidiyyəti qurumlar da bu tapşırıqların icrası istiqamətində çalışırlar.
Babayolu.az