1993-cü ilin mart ayının son günləri xalqımız üçün unudulmaz və ağrılı tarixlərdən biri kimi yadda qaldı. Kəlbəcərin işğalı ərəfəsində Başlıbel ziyalıları ilə bir araya gələrək həmin dövrün ağır xatirələrini bir daha yada saldıq.
İllər keçsə də, o ağrı heç vaxt unudulmadı. Lakin 23 ildən sonra — 2016-cı ilin Aprel döyüşləri xalqımızda böyük ümid yaratdı. Azərbaycan əsgərinin gücü və qətiyyəti göstərdi ki, torpaqlarımızın azad olunacağı gün uzaqda deyil.
Nəhayət, 27 sentyabr 2020-ci il tarixində bu ümid gerçəyə çevrildi. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız erməni işğalından azad edildi. Artıq bu şanlı Qələbədən altı il ötür.
Bu gün biz azad olunmuş torpaqlarımızın bərpası ilə bağlı düşünür, müxtəlif təkliflərlə çıxış edirik. Azərbaycan xalqı hər zaman qədirbilənliyi, humanistliyi və qonaqpərvərliyi ilə seçilib və bu xüsusiyyətləri ilə dünyada tanınır. Bununla yanaşı, tariximizi unutmamaq, keçmişdən dərs çıxarmaq hər birimizin borcudur. Çünki tarix təkrarlana bilər.
Şəkildə isə müxtəlif sahələrdə çalışan dəyərli ziyalılarımız və peşəkar şəxslər yer alıb: hüquqşünas Məhəmməd Salahov, texnika elmləri doktoru, Qarabağ Universitetinin dekanı Hüseyn Mirzə, iqtisadiyyat elmləri doktoru, kafedra müdiri Ənvər Salahov, iqtisadiyyat elmləri doktoru, baş müəllim Ədalət Əsədov, şirkət əməkdaşı Adil Mirzəzadə və 44 günlük Vətən müharibəsinin medalçısı, hərbi həkim Seymur Əsədov.
Bu cür görüşlər həm keçmişi xatırlamaq, həm də gələcək üçün daha möhkəm addımlar atmaq baxımından böyük əhəmiyyət daşıyır.
Babayolu.az