Ağdaban faciəsinin 34-cü ildönümü: yaddaşlardan silinməyən ağrı

Ağdaban faciəsi: 34 il keçsə də unudulmayan bir gecə

Tariximizin ən ağrılı səhifələrindən biri olan bu faciə xalqımızın yaddaşında silinməz izlər buraxıb.
Babayolu.az xəbər verir ki, Kəlbəcər rayonunun Ağdaban kəndində 1992-ci ilin aprelin 7-dən 8-nə keçən gecə baş vermiş faciədən 34 il ötür. Həmin qanlı gecənin acı xatirələri bu gün də yaddaşlarda yaşayır.
Ermənistan silahlı qüvvələri və Dağlıq Qarabağ ərazisində fəaliyyət göstərən erməni silahlı dəstələrinin hücumu nəticəsində 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılaraq məhv edilib. Dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıq törədilib. 779 nəfər kənd sakini zorakılığa məruz qalıb, 67 nəfər xüsusi amansızlıqla qətlə yetirilib. Qocaların, qadınların və azyaşlı uşaqların diri-diri yandırılması bu faciənin dəhşətini bir daha göz önünə sərir.
Ağdaban yalnız yaşayış məntəqəsi deyil, həm də zəngin mədəniyyət ocağı idi. Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələri Aşıq Qurban və Aşıq Şəmşirin irsi də bu hücum zamanı məhv edilib. Onlara məxsus əlyazmalar, ev muzeyi və digər tarixi-mədəni dəyərlər yandırılaraq yox edilib. Bu, milli-mənəvi irsimizə vurulan ağır zərbə kimi qiymətləndirilir.
Faciəyə verilən hüquqi-siyasi qiymət onun mahiyyətini açıq şəkildə göstərir. Ümummilli Lider Heydər Əliyev Ağdaban hadisələrini bəşəriyyətə qarşı törədilmiş ağır cinayət kimi dəyərləndirərək bunu insanlıq adına böyük utanc adlandırıb.
Babayolu.az olaraq Ağdaban faciəsi qurbanlarının xatirəsini dərin hüzn və ehtiramla yad edirik.

iconBabayolu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir