Son xəbər...

Başlıbeldə Şəhid Məzarlarının Abadlaşdırılması üçün İməcilik Keçiriləcək

1993-cü il aprelin 2-də vandal erməni ordusu Başlıbel kəndini işğal etdikdən sonra kəndin yaşlı sakinləri düşməndən qorxmadı. Onlar işğalın müvəqqəti olacağına inandıqları üçün doğma yurdlarını tərk etmədilər. Kənddən çıxmaq əvəzinə yaxınlıqdakı kahalarda gizlənərək yaşamağa məcbur oldular.

18 aprel 1993-cü il

Başlıbel qətliamını törədən vandal erməni silahlı birləşmələri təpədən dırnağadək silahlanmış vəziyyətdə dinc sakinlərə hücum etdilər. Qeyri-bərabər döyüşdə Başlıbel sakinləri və onlara köməyə gələn Zərdab rayonundan olan gənc əsgər Vüqar qəhrəmancasına şəhid oldular.

Bu gün kənd sakinləri şəhidlərin məzarlarını öz vəsaitləri hesabına abadlaşdırırlar.

Lakin şəhid məzarları relyefi çox mürəkkəb olan dağlıq ərazidə yerləşdiyi üçün bu işdə əlavə işçi qüvvəsinə böyük ehtiyac var. Buna görə də Başlıbel sakinləri fiziki imkanı olan hər kəsi iməciliyə dəvət edirlər.

İməciliklə bağlı ətraflı məlumat almaq istəyənlər “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Vüqar Haşımov ilə əlaqə saxlaya bilərlər.

Başlıbel camaatı kəndi birlik və həmrəylik sayəsində yenidən qurub abadlaşdırır. Bu iş şəhidlərimizin bizə əmanət qoyduğu Vətən sevgisinin və fədakarlıq ruhunun davamıdır.

Qoy gənc nəsil gəlib öz gözləri ilə görsün ki, bir vaxtlar xarabalığa çevrilmiş evlər bu gün yenidən dirçəlir, kənd isə əvvəlki gözəlliyini geri qaytarır.

Bu gün Azərbaycanın müxtəlif bölgələrində yaşayan bütün başlıbelliləri və həmvətənlərimizi bu xeyirxah işə qoşulmağa çağırırıq. Gəlin, şəhidlərimizin ruhunu şad etmək, onların əziz xatirəsini yaşatmaq və doğma kəndimizin abadlaşmasına öz töhfəmizi vermək üçün birlik nümayiş etdirək.

Kənd nümayəndələrinin bu çağırışına dəstək olaq, vətənpərvərliyimizi əməli işimizlə göstərək.

Ümid edirik ki, Başlıbel gəncləri bu çağırışa biganə qalmayacaq, səsimizə səs verərək iməcilikdə fəal iştirak edəcəklər.

iconBabayolu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir