Son xəbər...

Başlıbeldə həmrəylik nümunəsi: Sıldırım qayalar üzərindəki şəhid məzarlığına aparan kanat körpü inşa olunur

​Hər zaman birliyi və bütövlüyü ilə seçilən Başlıbel elinin sakinlərinin bu gün — 21 iyul 2026-cı il tarixdə növbəti xeyirxahlıq və uca amallar ətrafında bir araya gəlməsi bu qədim ənənənin əbədi yaşarılığının bariz nümunəsidir. Respublikanın müxtəlif guşələrində məskunlaşmalarına baxmayaraq, başlıbellilər kökə bağlılıqlarını, el-oba sevgisini bir daha nümayiş etdirirlər.

​Tarixə qanlı hərflərlə yazılmış 1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun işğalı zamanı erməni qəsbkarları tərəfindən Başlıbel kəndində misli görünməmiş vəhşiliklər törədilib. Doğma yurdunu tərk etməyən və ya müəyyən səbəblərdən çıxa bilməyən dinc sakinlərimizə qarşı qəddarcasına soyqırım həyata keçirilib. Həmin dəhşətli günlərdə kəndin qəhrəman oğulları günahsız insanları qorumaq, onları xilas etmək üçün misilsiz igidlik və şücaət göstəriblər.

​Azərbaycan Ordusunun şücaəti ilə torpaqlarımız işğaldan azad olunduqdan sonra həmin şəhidlərin kəndin sağ qalan sakinləri tərəfindən illər əvvəl gizlicə dəfn edildiyi ünvanlar müəyyənləşdirilib. Aparılan eksqumasiya tədbirləri və DNT analizləri nəticəsində şəxsiyyətləri dəqiq müəyyən edilən qəhrəmanlarımız yenidən həmin müqəddəs torpaqda ehtiramla torpağa tapşırılıblar.

​Kənd sakini Saməddin Məmmədovun Babayolu.az  saytına verdiyi məlumata əsasən, həmvətənimiz Qalib Əbdüləliyevin maliyyə dəstəyi ilə həmin ərazidə şəhid ailələrinin və ziyarətçilərin məzarları heç bir çətinlik çəkmədən ziyarət etmələri üçün kanat körpü salınır. Ziyarət edənlər yaxşı bilirlər ki, bu məzarlıq olduqca çətin dağlıq ərazidə yerləşir. İnşa olunan bu kanat körpü vasitəsilə həm şəhidlərimizin yaxınları, kənd sakinləri, həm də ziyarətə gələn ölkə vətəndaşları şəhidlərimizin uyuduğu müqəddəs məzarlığı rahatlıqla ziyarət edə biləcəklər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Xalqımızın birliyi daim və əbədi olsun!

Yalçın Ağayev 

iconBabayolu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir