Dədələr demiş: “Müəllim — öyrədən deyil, daima öyrənən, yenilik yaradandır.”
”Müəllim dost olmalıdır öyrətdiyi şəxsiyyətə.”
Müəllim uşaqda insanlıq formalaşdırmalıdır.
Müəllim şagirdə yaxşı vərdişlər — çalışqanlıq, mərhəmət, vətənpərvərlik, mütaliə formalaşdırmalıdır.
Əziz Sabir müəllim!
Sizin “Yenidən pedaqoji fəaliyyətə başladım, mənə təbrik düşür” sözlərinizi oxuyarkən düşündüm: əslində, Sizi təkcə yenidən pedaqoji fəaliyyətə başlamağınız münasibətilə deyil, illərdir müəllimlik adına layiq yaşadığınız, şagirdlərinizin qəlbində yaratdığınız dəyər və qazandığınız böyük hörmət münasibətilə təbrik etmək lazımdır.
Siz mənim üçün həm müəllim, həm də əsl dostsunuz.
Sizin zəngin elmi biliyiniz, həyat təcrübəniz, insanlarla ünsiyyət qurmaq bacarığınız və əsası, hər bir insana öz dəyəri ilə yanaşmağınız Sizi sıradan bir müəllimdən çox-çox üstün edir.
Məncə, Sizin ənn böyük uğurunuz dərs dediyiniz şagirdlərin yalnız məktəb illərində deyil, məktəbi bitirdikdən sonra da Sizinlə dostluq münasibətlərini davam etdirməsidir.
Çünki Sabir müəllim şagirdinin problemini eşidəndə onu kənardan dinləmir, öz problemi kimi yaşayır. Əlindən gələn köməyi əsirgəmir, yol göstərir, dəstək olur, mənəvi dayaq göstərir.
Elə buna görə də Sizin dostluq çevrənizdə müxtəlif yaş qruplarından insanların olması heç də təsadüfi, təəccüblü deyil.
Böyüklərin hörmətini, gənclərin sevgisini, hətta balaca uşaqların rəğbətini qazanmaq hər insana nəsib olmur.
Siz illər əvvəl yetişdirdiyiniz şagirdlərlə bu gün dost kimi ünsiyyət qurursunuzsa, deməli, müəllimlik Sizin üçün sadəcə bir peşə deyil, həyat missiyasıdır.
Bu səbəbdən, əziz Sabir müəllim, Sizi pedaqoji fəaliyyətə yenidən qayıdışınız münasibətilə ürəkdən təbrik edirəm!
Əminəm ki, təhsil, elm fəaliyyətinə qayıdan Sabir müəllim təkcə dərs deməyəcək, yenə də neçə-neçə gəncin həyatına toxunacaq, onların yaddaşında “mənə dərs deyən müəllim” yox, “həyatımda iz qoyan insan” kimi qalacaq.
Allah Sizə möhkəm can sağlığı, uzun ömür, tükənməz enerji və yeni pedaqoji fəaliyyətinizdə böyük uğurlar nəsib etsin!
Sizi təbrik etmək bizə düşür, Sabir müəllim.
Çünki Sizin kimi müəllimin yenidən pedaqoji fəaliyyətə qayıtması təkcə Sizin deyil, Sizi sevən bütün şagirdlərinizin sevincidir.
Hörmətlə,
Hikmət Ağamirov
Əziz Hikmət Ağamirov, müəllimlik peşə deyil, sənət deyil, əsil müəllimlik fitri istedaddır. Həm də qanında, südündə də olsa, daha mükəmməl olur.
Ziyalı ailəsində doğulmuşam:
Mirzə Molla Məhəmməd babam,
atam Hacı müəllim,
bacım Əminə müəllim,
Saleh Mirzəyev ali məktəbdə müəllim,
Mahir-Sabir həkim ali məktəbdə müəllim.
Mənə belə dəyər verdiyiniz üçün böyük təşəkkür edirəm!
Hər zaman sözün dəyərli olub, öz əməllərin ömrünə nur saçıb, Hikmət müəllim.
Babayolu.az