Son xəbər...

Yarıməsrlik Ömrün Şərəfli Hesabatı-Yalçın Ağayev

Yurd həsrəti, zamanın sınaqları və zəhmətlə yoğrulan bir ömür…

​1 iyul 1976-cı ildə Kəlbəcərin o dumanlı, uca dağlar qoynunda yerləşən Başlıbel kəndində, bir ziyalı ocağında dünyaya göz açmışdı Yalçın. Hələ uşaq idi… Dünyanı yeni-yeni dərk edir, 1983-cü ildə qədəm qoyduğu doğma kənd məktəbində gələcəyə dair saf xəyallar qururdu. Onun oxuduğu illərdə məktəbin direktoru əvvəlcə Hacı müəllim Mirzəyev, sonradan isə Məhiyyəddin müəllim Əsədov olmuşdur.
Yalçın müəllimin formalaşmasında Başlıbel kənd orta məktəbinin fədakar müəllim kollektivinin əvəzsiz rolu olmuşdur. O, ilk biliklərə yiyələnməsində böyük əməyi olan ibtidai sinif müəllimlərini hər zaman dərin minnətdarlıqla xatırlayır. İbtidai sinif müəllimlərindən rəhmətlik Fərman müəllimin əziz xatirəsini rəhmətlə yad edir, bu gün həyatda olan Əhliman müəllimə isə ona verdiyi ilk təhsil təməllərinə görə minnətdar olub, ona uzun ömür və cansağlığı arzulayır.
Yuxarı siniflərdə isə o, fərqli fənlər üzrə bilik qazanaraq gələcəyə addımlamışdır. Fənn müəllimlərindən dünyasını dəyişənlərin ruhu qarşısında baş əyərək onları hər zaman rəhmətlə anır:
​Riyaziyyat fənnini tədris edən və direktor olana qədər həm də müəyyən dövr sinif rəhbəri olmuş Məhiyyəddin müəllim Əsədova, tarix müəllimi Məhəmməd müəllim Şahbəndəyevə, rəsmxət müəllimi Hacı müəllimə, ingilis dili müəllimi Musa müəllimə, Azərbaycan dili müəllimi Əbdüləli müəllimə, musiqi müəllimi Sabir müəllim Məmmədova, kimya müəllimi Mamed müəllim Əzimova, EHM (Elektron Hesablama Maşınları) müəllimi Vaqif müəllimə, bədən tərbiyəsi müəllimi Bəşir müəllimə və rus dili müəllimi Ağakişi müəllimə Allahdan rəhmət diləyir, əziz xatirələrini hər zaman qəlbində yaşadır.
Eyni zamanda, ona dərs deyən və hazırda yaşayan digər fənn müəllimlərinin də əməyini unudulmaz sayır. Fizika fənnini tədris edən və həm də sinif rəhbəri olmuş Heydər müəllimə, biologiya müəllimi Xavər müəllimə, tarix müəllimləri Əkbər müəllim və Nicat müəllimə, ingilis dili müəllimi Zinyət müəllimə, əmək təlimi müəllimi Xuraman müəllimə, coğrafiya müəllimi Nəsib müəllimə,  və bədən tərbiyəsi müəllimi İdris müəllimə uca Tanrıdan cansağlığı, xoş və hüzurlu günlər diləyir. Əmək təlimi müəllimi olmuş Kamil müəllim isə Yalçın müəllim üçün daha fərqli bir yerə sahibdir; çünki illər sonra Yalçın müəllim onunla çiyin-çiyinə bir təhsil ocağında müəllim yoldaşı olaraq çalışmışdır. O, hazırda təqaüddə olan Kamil müəllimə də möhkəm cansağlığı və hüzur dolu uzun ömür arzulayır.
Lakin tale Yalçının və ailəsinin qarşısına çox erkən və amansız bir sınaq çıxardı. 1993-cü ilin o vahiməli aprel ayı gələndə, erməni işğalının amansız üzü Başlıbeli doğmalarından qopardı. Digər kənd sakinləri kimi, Yalçın da ailəsi ilə birlikdə canlarını qurtararkən doğma evlərindən bircə xatirə, bircə əşya belə götürə bilməmişdi. Hələ yeniyetmə yaşlarında olan Yalçın, bir gecədə uşaqlığını, xatirələrini o kənddə qoyub məcburi köçkünlük yollarına düşdü. Tale onları əvvəlcə Bərdənin Kafarlı kəndinə gətirdi. Köçdükləri kənddə məktəb yox idi… O çətin günlərdə qəlbindəki təhsil eşqini söndürməyərək yaxınlıqdakı Mirzəxan kənd orta məktəbinə yarımçıq qalmış iki aylıq təhsilini başa vurmaq üçün getdi və ömrünün ən kövrək, ən qayğılı çağında tam orta təhsilini beləcə, yurdsuzluğun ağrısı ilə tamamladı.
Kafarlı kəndində beş ay yaşadıqdan sonra, müəyyən səbəblərdən ailə Salyan rayonuna köçməli oldu və buranın Böyük Noxudlu kəndində məskunlaşdı. Tam fərqli bir mühitdə, beş il o kənddə sığınacaq tapdılar. Maddi olaraq hər şeylərini itirsələr də, ayaqda durmaq iradələrini itirmədilər. Ata Sabir müəllim Böyük Noxudlu kənd məktəbində yenidən təbaşiri əlinə aldı, bacısı isə Salyan Mərkəzi Rayon Xəstəxanasında tibb bacısı kimi fəaliyyət göstərdi. Yalçın isə ailəsinə dayaq olmaq üçün elə həmin illərdə — 1993-cü ildə Salyan rayonunda mövcud olan kolxozlardan birinin inşaat briqadasında fəhləlik etməyə başladı.
Həmin illərdə ölkədə baş verən siyasi böhran, xaos və gözlərindəki problem onun həyat yolunu bir müddət ləngitmişdi. O dövrün qarışıqlığında ali məktəbə sənəd vermək üçün lazım olan sənədlərini toplaya bilmədi. Arzuları, ümidləri sanki zamanın kəsici çərxinə ilişib qalmışdı.
Amma dözdü… Nəhayət, qapılar yenidən üzünə açılmağa başladı. 1996–1998-ci illərdə iqtisadiyyat sahəsi üzrə orta ixtisas təhsili alaraq oranı fərqlənmə diplomu ilə bitirdi. 1998-ci ilin avqust ayında ailə yenidən Bərdə şəhərinə köçdü və ömürlərinin yeni səhifəsini burada yazmağa başladılar.
Bərdədə atası Sabir müəllim Kəlbəcər rayonu 106 nömrəli tam orta məktəbində müəllim kimi fəaliyyətə başladı. Həmin vaxtlar məktəbin iş prinsipi heç də qənaətbəxş deyildi. Lakin fədakar atanın gərgin əməyi, bitmək-tükənmək bilməyən səyi nəticəsində məktəb qısa zamanda formalaşdı, inkişaf etdi və bu gün də nümunəvi bir təhsil ocağı kimi fəaliyyət göstərir. O, 1998–2011-ci illərdə bu məktəbdə məcburi köçkün uşaqlarına ruhunu verdi və 2011-ci ildə təqaüdə çıxdı. Təəssüf ki, ömrünü təhsilə şam edən bu fədakar insan 25 iyun 2020-ci ildə qəfildən insult keçirərək əbədiyyətə qovuşdu… Atanın cismi bu dünyadan köçsə də, əkdiyi təhsil toxumları övladlarında cücərdi.
Sabir müəllimin bu şərəfli təhsil yolunda ən böyük mənəvi dayağı, övladlarının üzərində ana fədakarlığı ilə titrəyən həyat yoldaşı Mamedova Mahirə (Məhluqə) İsmayıl qızı olmuşdur. Mahirə (Məhluqə)  xanım vaxtilə orta məktəbi tam əla qiymətlərlə başa vurmuş, parlaq zəkası və xüsusi istedadı ilə seçilmişdir. Lakin o dövrün çətinlikləri, xüsusən də qızların ali təhsil almasında yaşanan məlum maneələr ucbatından ali təhsil ala bilməmişdir. Buna baxmayaraq, o, içindəki təhsil eşqini və elmini övladlarına ötürmüş, onların dərslərində sanki hər fənnin ixtisas müəllimi kimi yaxından iştirak edərək dəstək olmuşdur.
Yalçın müəllim hər zaman kövrələrək qeyd edir:
​”Anamın bütün fənləri bu dərəcədə dərindən bilməsi, lakin o dövrün şərtlərinə görə təhsilini davam etdirə bilməməsi bir övlad kimi məni hər zaman daxildən məyus etmişdir”.
Bu gün Mahirə (Məhluqə) xanımın 70-dən artıq yaşı olmasına baxmayaraq, yazdığı yazılar sanki bir hüsnxət incisidir. Ali təhsili olmasa da, övladlarının ali təhsil almasına nail ola bilmişdir.
Bütün bu köçkünlük dalğalarına və çətinliklərə baxmayaraq, bu müqəddəs ocaqda böyüyən hər bir övlad valideynlərinin arzularını çin edərək təhsilini uğurla davam etdirdi. Bu gün Yalçın müəllimin bacısı Məmmədova Leyla Sabir qızı Bərdə Rayon Mərkəzi Xəstəxanasında tibb işçisi, qardaşı Ağayev Elşad Sabir oğlu Bərdə Elektrik Şəbəkəsində mütəxəssis, digər qardaşı isə filologiya elmləri üzrə fəlsəfə doktoru olaraq universitetdə gələcəyin ziyalılarını yetişdirir.
Yalçın müəllim 1999–2002-ci illərdə Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin Bərdə rayon Sahibkarlığın İnkişafı Mərkəzində əvvəlcə menecer, sonra isə baş mühasib olaraq çalışmış, bundan sonra isə “Sadiq” hüquq firmasında baş mühasib kimi fəaliyyətini davam etdirmişdir. 2002–2007-ci illərdə isə tarix müəllimliyi ixtisası üzrə ali təhsil almışdır.
Bərdədə ilk kompüter xidmətlərini göstərən İT mütəxəssislərindən biri kimi də ilklərə imza atmışdır.
1 fevral 2009-cu ildən etibarən Kəlbəcər rayonu 92 nömrəli tam orta məktəbində müəllim kimi işə başlayaraq, 2013-cü ildən uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı (direktor müavini) kimi öz müqəddəs missiyasını davam etdirir.
Lakin Yalçın müəllimin doğma yurda, onun tarixinə və gələcəyinə olan bağlılığı təkcə məktəb divarları ilə məhdudlaşmır. O, həm də keçmişlə gələcək arasında rəqəmsal və mənəvi bir körpü qurur. “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyində təmsil olunaraq doğma kəndinin adının uca tutulması üçün əlindən gələn heç bir xidməti əsirgəmir. Bu amalın rəqəmsal nişanəsi olaraq, o, 2022-ci ildə Bashlibel.az saytını ərsəyə gətirmiş, onun həm qurucusu, həm də redaktoru kimi fəaliyyət göstərməyə başlamışdır.
Yalçın müəllim pedaqoji fəaliyyəti ilə yanaşı, ölkənin ictimai-siyasi həyatında da fəal mövqe nümayiş etdirir. O, Yeni Azərbaycan Partiyasının (YAP) sadiq üzvüdür. Eyni zamanda, seçki proseslərində və vətəndaşlıq borcunun yerinə yetirilməsində yaxından iştirak edərək 123 saylı Kəlbəcər seçki dairəsinin 41 saylı seçki məntəqəsinin fəal üzvü kimi fəaliyyət göstərir.
Bu gün “Böyük Qayıdış” davam etməkdədir. Sakinlərimiz illər sonra yenidən öz doğma yurdlarına döndükdən sonra kəndimizin o unudulmaz adət-ənənələrini qoruyub saxlamaq, onu gələcək nəsillərə ötürmək məqsədilə Başlıbelin qocaman və fədakar müəllimi Mirzəyev Sabir Hacı oğlunun gözəl bir təşəbbüsü irəli sürüldü. Yalçın müəllim bu müqəddəs təşəbbüsə ürəkdən dəstək verərək, həmin ideyanın əsasında qurulan Babayolu.az saytının da quruculuğunu və redaktorluğunu öz üzərinə götürdü. Ən qürurverici məqam isə budur ki, onun tariximizi yaşadan, yurdumuzun səsini dünyaya yayan bu geniş fəaliyyətlərinin hər biri tamamilə təmənnasız, doğma torpağa olan saf bir övladlıq borcu kimi həyata keçirilir.
İndi Yalçın müəllim özü də bir ailə başçısı, iki gözəl övlad atasıdır. Onun yarımçıq qalmış uşaqlığının, o çətin köçkünlük illərinin intiqamını sanki övladları elmlə, uğurla alırlar.
Böyük qızı – Ağazadə Aytac Yalçın qızı: Azərbaycan Dövlət Pedaqoji Universitetinin “SABAH” qruplarında “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə təhsil alır, artıq 4-cü kursu parlaq əla qiymətlərlə başa vurub.
Digər qızı – Ağazadə Aytən Yalçın qızı: Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində zərbəçi tələbə pkimi 2-ci kursu geridə qoyub, gələcəyin söz mütəxəssisi olmaq üçün irəliyə doğru addımlayır.
Yarım əsrlik bir ömrün arxada qalan cığırları, çətinliklərdən zəfərlə çıxmış, yurd sevgisi və ziyalılıqla yoğrulmuş əsl insan ömrünün şərəfli hesabatıdır. Yalçın müəllim həm bir pedaqoq, həm bir yurd təəssübkeşi, həm də fədakar bir ata kimi bu missiyanı qürurla daşıyır.

50 Yaşın Mübarək, Yalçın Müəllim!

​Siz bu 50 illik ömrə bir fəhlənin alın tərini, bir müəllimin fədakarlığını, ata və ana ocağının ziyasını, bir oğulun vəfasını sığdırdınız. Qəlbindəki Başlıbel sevgisi, ruhunuzdakı Kəlbəcər ucalığı Sizi hər zaman dik tutdu.
​Sizi yarıməsrlik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, ailənizlə, hazırda hər bir uğurunuza sevinən əziz ananız Mahirə (Məhluqə) xanımla, doğmalarınızla və “Böyük Qayıdış”ın işığında tezliklə tamamilə bərpa olunacaq doğma Başlıbel kəndində, o uca dağların qoynunda sağlam, gümrah və uğurlu ömür sürməyinizi arzulayırıq!

Yubileyiniz mübarək!

Sabir Hacıoğlu Mirzəyev Başlıbel

iconBabayolu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir