2026-cı ildə də, heç kəsə sirr deyil ki, regionlarda özbaşınalıq davam edir. Camaat bilərəkdən incidilir, doğulub boya-başa çatdığı doğma yurddan didərgin salınır.
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi Azərbaycanın mərkəzində yerləşən 14 iqtisadi rayondan birini əhatə edir. Tərkibinə Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab inzibati rayonları daxildir. Regionun əsas mərkəzləri Yevlax və Mingəçevir şəhərləridir.
Bu gün Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Ağdaş rayon Mədəniyyət şöbəsində də sertifikasiya adı altında işdən çıxarma kampaniyası keçirilib. Filiallarda lazımi rəqəmsal avadanlıqlar olmadığı halda, süni intellekt (Sİ) vasitəsilə test yox, açıq suallar tərtib olunaraq işçilərin üstünə yağdırılıb. 7 nəfərdən ibarət imtahan komissiyası üzvü Bakı Xoreoqrafiya Akademiyasında attestasiya imtahanı götürüb.
Ümumilikdə 52 nəfərdən: 2 nəfər 64 yaşı tamam olduğuna görə, 2 nəfər güzəştli kateqoriyaya aid edildiyi üçün, 4 nəfər isə bülletendə olduğu üçün imtahana qatılmayıb. İmtahana girənlərdən nəticədə 7 nəfər “uyğun”, 37 nəfər isə “uyğunsuz” qiymətləndirilib.
Bildirilib ki, “uyğunsuz” hesab olunan şəxslər 20 iyul 2026-cı il tarixində Mərkəzi Kitabxanaya gəlib öz xahişi ilə işdən çıxmaq haqqında ərizə yazmalıdırlar. Əks halda, gəlib ərizə yazmayanların əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 c maddəsinə əsasən xitam veriləcək.
Hörmətli Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəhbəri Namiq Tarverdiyev, inanıram ki, bu məsələdən xəbərsizsiniz. Məhz buna görə də Babayolu.az saytının baş redaktoru olaraq sizə bu haqda məlumat verirəm. Qalib ölkənin vətəndaşlarının hüquqlarının pozulması xalqı dövlətdən narazı salmaq deməkdir. Hər halda, bunu siz də yaxşı bilirsiniz!
