Kəlbəcər rayon 80 nömrəli tam orta məktəbdə həmin məktəbin müəllimi və ilk həmkarlar sədri Salahov Oqtay Sadıq oğlunun 65 illik yubileyi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Zahid Kazımov, Qabil Həsənəliyev və məktəb kollektivi iştirak ediblər.
Oqtay müəllim uzun illərdir Kəlbəcər rayon 80 nömrəli tam orta məktəbdə müəllim kimi fəaliyyət göstərərək şagirdlərin bilik və tərbiyəsində mühüm rol oynamışdır. O, məsuliyyətli, peşəkar və nümunəvi pedaqoq kimi həm şagirdlərin, həm də pedaqoji kollektivin dərin hörmətini qazanmışdır. Təhsilə verdiyi töhfələr və gənc nəslin formalaşmasında göstərdiyi xidmətlər tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilmişdir.
Tədbirin sonunda Oqtay müəllim ETİHİ Kəlbəcər Rayon Komitəsi tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olunmuşdur. Oqtay müəllimi bu əlamətdar gün münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür arzulayırıq.
Oqtay Kəlbəcər rayonunun Başlıbel seyid kəndində sənətkar ailəsində dünyaya göz açmışdı, 15 yanvar 1961-ci ildə.
1 sentyabr 1968-ci ildə həmin kəndin I sinfinə getmişdi. Başlıbel qətliamında şəhid olmuş Qənaət Ağamirov müəllim onun ilk müəllimi oldu.
Qənaət müəllim çox tələbkar, savadlı bir müəllim idi. Zəif, tənbəl şagirdləri müxtəlif tənbehlərlə (ayağın birini yuxarı qaldırıb durmaq, yaxasına “2” yazıb sinif-sinif gəzdirmək və s.) cəzalandırır, oxumaq həvəsi yaradırdı.
V sinifdən IX sinfə kimi riyaziyyat müəllimi Məhəmməd Cəfərov sinif rəhbəri oldu. Cəfərov tərbiyəyə, nizam-intizama daha çox yer ayırırdı.
Amma Oqtay humanitar fənlərə daha çox maraq göstərirdi.
X sinifdə riyaziyyat müəllimi Hilal Qədimov müəllim sinif rəhbərimiz oldu. Riyaziyyat fənninə hamımızda maraq yarandı, amma gec idi.
1978-ci ildə orta məktəbi bitirdikdən sonra həmin il də Kirov adına Universitetin Kitabxanaçılıq fakültəsinin Kitabxana və mədəniyyət işçisi ixtisasına daxil olub, 1983-cü ildə müvəffəqiyyətlə bitirib Kəlbəcər rayonu Rayon Partiya Komitəsində kitabxana işçisi vəzifəsinə təyin edildi. Yaşayış binasının I mərtəbəsində 2 otaqlı evlə təmin edildi.
Həm də rayonun “Yenilik” qəzetində həvəskar jurnalist kimi çap olunurdu.
20 Yanvar Azadlıq Hərəkatından sonra hərbi müxbir kimi fəaliyyətə başlayıb cəbhə xəttinə gedib, döyüş bölgəsindən materialları “Yenilik” qəzetinə “isti-isti” qəzetin baş redaktoru Zimistan Həsənovaya çatdırdı.
2 aprel 1993-cü il.
Doğma yurdu, vətəni tərk edib Sapanda qoyulmuş daş kimi Azərbaycanın rayonlarına “səpələndi”.
Oqtay müəllim İsmayıllı rayonuna tələbə yoldaşı Xalidə xanımgildə müvəqqəti məskunlaşıb, o dövrdə əlçatan ticarətlə məşğul olub, ailəni çətinliklə də olsa dolandırdı.
Atası Sadıq əmim onu məskunlaşdığı Bərdə rayonuna gəlməyə tapşırdı:
— Ay bala, barı gəlin bir yerdə olaq, hərəmiz bir tərəfdə olmaz, qardaşın Natiq də hərbidədir.
Oqtay müəllim könülsüz olsa da atasının yanına gəlib, qaynatasıgilin yanında Zümürdxanda müvəqqəti məskunlaşdı. Həmin il də ixtisasını dəyişib Azərbaycan dili və ədəbiyyat müəllimliyini oxuyub, Zümürxan kəndində Nadir müəllimin direktor olduğu 80 nömrəli məktəbə müəllim təyin olunub 65 yaşına çatdı.
Oqtay müəllim peşəkar müəllim, həm də saz ifaçısıdır. Kəlbəcərlilərin demək olar ki, əksəriyyəti həm saz ifa edir, şeir yazırlar.
Oqtay müəllim, şərəfli müəllim ömrü yaşamısınız, planı doldurmusunuz. İndisə ömrün xatirə kitabını yazıb gənc nəslimizə ərmağan edəcəyinizə əminəm.


Babayolu.az