
Azərbaycanın ilk kontr-admiralı Cəlil Cavadov 1918-ci ilin avqustunda Bakıda anadan olub. Əslən Fatmayı kəndindəndir.

Cəlil Cavadovun atası Məmmədəli neftçi idi. Bacarığına görə xeyriyyəçi Musa Nağıyev onu öz şirkətlərindən birinə müdir təyin etmişdi.

1929-cu ildə beşillik məktəbi bitirir. 1930–1935-ci illərdə N. Nərimanov adına Bakı Sənaye Texnikumunun kimya fakültəsində təhsil alır. 1935–1936-cı illərdə “Azərqaz” trestində işləyir.

1937-ci ildə D. İ. Mendeleyev adına Moskva Kimya-Texnologiya İnstitutunun 1-ci kursunu bitirdikdən sonra Sevastopoldakı P. S. Naximov adına Qara Dəniz Ali Hərbi Dənizçilik Məktəbinə keçir və könüllü olaraq həyatını hərbi xidmətə həsr edir.

Məktəbi bitirdikdən sonra, 1941-ci ildə miçman rütbəsində Dunay hərbi donanmasına göndərilir.

1941–1945-ci illər müharibəsi dövründə Sevastopol, Qafqaz və Sovet Zapolyaryesinin müdafiəsində Dunay, Qara dəniz və Şimal hərbi donanmalarının tərkibində almanlara qarşı döyüşlərdə iştirak edir.

Döyüşlərdə göstərdiyi rəşadətə görə “Döyüş xidmətlərinə görə”, “Sevastopolun müdafiəsinə görə”, “Qafqazın müdafiəsinə görə”, “Qırmızı Ulduz” və digər medallarla təltif olunur. O, həmçinin Bratislava, Korneyburq, Florisdorf və Vena şəhərlərinin azad edilməsində iştirak edir. Müharibəni baş leytenant rütbəsində başa vurur.

Müharibədən sonra Xəzər Hərbi Dəniz Donanmasında xidmət edir.

1949-cu ildən Azərbaycan SSR Orduya, Aviasiyaya və Donanmaya Könüllü Yardım Cəmiyyətində (OADKYC) müxtəlif vəzifələrdə çalışır. 1954-cü ildən isə həmin cəmiyyətin Respublika Mərkəzi Komitəsinin sədri olur.

Bu cəmiyyətdə işlədiyi illərdə Cavadov Azərbaycanda işlək hərbi-vətənpərvərlik, hərbi-idman təşkilatı yaradıb; rəhbərlik
etdiyi ictimai könüllü təşkilata
bir milyondan artıq üzv cəlb
edib.

1959-cu ildə Xilə (indiki Əmircan) kəndindən
Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir.

1968-ci ildə kontr-admiral rütbəsinə layiq görülür. SSRİ müdafiə naziri, marşal A. A. Qreçko onu bu münasibətlə teleqramla təbrik edir. Onu təbrik edənlər arasında marşal Semyon Budyonni da var idi.

Cəlil Cavadov Şərq poeziyasının bilicisi idi.
O, ədəbiyyatla, xüsusilə Şərq və Azərbaycan poeziyası ilə yaxından maraqlanırdı. Xoşuna gələn parçaları isə dəftərlərinə köçürürdü. Onun dəftərlərində Sədi Şirazi, Cəlaləddin Rumi, Nəsir Xosrov, Ömər Xəyyam, Cami, Sanayi Qəznəvi, Qətran Təbrizi, Əbu Said Abduxayr və digər şairlərin şeirləri var. Cavadov aforizmləri toplayır, klassikləri ana dilimizə tərcümə edirdi.

Cəlil Cavadov həmçinin astronomiya və riyaziyyatı yaxşı bilirdi.

Cəlil Cavadov ömrünün sonunadək silahdaşları və iş yoldaşları ilə əlaqə saxlamış; marşal S.M.Budyonni, admiral S.Q.Qorskov və üçqat Sovet İttifaqı Qəhrəmanı A.İ.Pokrişkin kimi hərbi xadimlərlə yazışmışdır.

Qızının dediklərinə görə ahıl yaşlarında olmasına baxmayaraq Cəlil Cavadov çox yaxşı bir üzgüçü idi.

1971-ci ildə Cəlil Cavadov OADKYC cəmiyyətinin sədri vəzifəsindən uzaqlaşdırılır və ordudan xaric edilir.

Bacısı Rəfiqə xanım bununla bağlı yazırdı: “Qardaşım heç bir əsas olmadan vəzifəsindən kənar edildi. Düz 10 il haraya, kimə müraciət etdisə, şikayətinə baxan olmadı. Həmin illərdə onun necə yaşaması ilə heç kim maraqlanmadı. Bütün bunlara dözməyən Cəlil qəflətən vəfat etdi”.

Cəlil Cavadov 6 fevral 1980-ci ildə Bakıda vəfat edib. Bakıda dəfn olunub. (Hansı məzarlıqda dəfn olunması ilə bağlı məlumat tapılmadı)

1992-ci ildə Bakıda yaşadığı binanın (Zərifə Əliyeva küçəsi, 24) divarına xatirə lövhəsi vurulub.
Babayolu.az