Son xəbər...

GORUMUZA SARI GEDƏK-ZƏRRAF ŞİRİNOV

​İnsan doğulan gündən goruna sarı gedir. Kimi bu mənzilə tez çatır, kimsə uzun bir ömür yolu keçir.

​Kimi yalnız özü üçün yaşayır, kimsə Zərraf Şirinov kimi eli, elmi üçün silinməz izlər qoyaraq gora sarı gedir.

​Mən də neçə illərdir gora sarı gedirəm. Artıq üç dəfə gorun qapısından geri qaytarıb Rəbbim. Sanki hər dəfə mənə: “Hələ o dünyaya layiq deyilsən, gərək yaxşı insan kimi ad qazanasan, onda baxarıq” — deyib.

​Gora hər bir insan ağrısız, acısız getmək istəyir. Gözünü yumsun və əbədiyyətə qovuşsun…

​Taleyi xoş adamam; peşəkar, fədakar həkim dostlarım var. Gora hazırlaşan kimi, sanki onlardan “icazə almaq” üçün yanlarına gedirəm.

​Bu gün də elə günlərdən biri idi…

​Kəlbəcərin Kilsəli kəndində doğulan, 1983-cü ildə Tibb İnstitutuna daxil olub 1989-cu ildə orayı fərqlənmə diplomu ilə bitirən bir ziyalının yanındaydım.

​O, Elmi-Tədqiqat Qastroenterologiya İnstitutuna klinik ordinator kimi işə qəbul olunub, cərrahiyyə şöbəsində kiçik elmi işçi kimi çalışıb. 1997-ci ildə namizədlik dissertasiyasını müdafiə edib. 2000-ci ildən həmin şöbəyə müdir təyin olunub. 2005-ci ildə Moskvada Rusiya Xalqlar Dostluğu Universitetinin Tibb fakültəsində doktorluq dissertasiyasını müdafiə edib.

​2008-ci ildə Zərraf Şirinova Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası tərəfindən “Tibb elmləri doktoru” elmi dərəcəsi verilib. 180-dən çox çap edilmiş elmi məqalənin və üç monoqrafiyanın müəllifidir. Rusiya Federasiyası Patent İdarəsi tərəfindən səmərələşdirici işlərinə görə 3 patent alıb.

​Professor Zərraf doktorun namizədlik və doktorluq işləri “Mədə və onikibarmaq bağırsaq xorasının cərrahiyyəsi” mövzusundadır.

​O, 11 ildir ki, Akademik M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Qaraciyər, öd yolları, mədəaltı vəzin xəstəliklərinin cərrahiyyəsi şöbəsinin müdiridir.

  • 2008-ci ildə Türkiyənin Ankara şəhərində, Hacettepe Universitetinin klinikasında,
  • 2010-cu ildə Ukraynanın Kiyev şəhərində, Şalimov adına Klinikada,
  • 2011-ci ildə Almaniyanın Manhaym klinikasında laparoskopik cərrahiyyə kurslarında təhsil alıb.

​Professor Zərraf doktor özünəməxsus elmi məktəb yaradıb. Hazırda professorun rəhbərliyi ilə 10 nəfər tibb üzrə “fəlsəfə doktoru” elmi adı almaq üçün dissertasiya üzərində çalışır.

​Bu gün yenə professora müraciət etdim. Xəstəxananın giriş dəhlizindəki mühafizəçiyə “Professor Zərraf doktorun yanına gedirəm” deyirəm, mənə istiqamət verir. Kabinetinin qarşısında həmişə pasiyentlər olur, bu gün də vardı. Qapını döyüb, azacıq aralayıb özümü göstərdim. Yanındakı xəstənin müayinəsi qurtaran kimi qapıda göründü, məni xoş və səmimiyyətlə qarşılayıb kabinetinə dəvət etdi.

​Dərdləşməyə vaxt yox idi; pasiyentlər gözləyirdi, qarşıda cərrahiyyə əməliyyatı da vardı. Müayinə olunub həmin anı tarixləşdirərək professordan ayrılanda — sanki Kəlbəcərdən ayrılırdım…

​Bəli, Zərraf həkim həm də bir şairdir. Onun “Gorumuza sarı gedək” kitabını oxuduqca vətən, yurd yanğısını oxucu da onunla bərabər yana-yana yaşayır.

​Dəyərli Zərraf həkim, növbəti paylaşımım sizin bu ülvi duyğularınız haqqında olacaq…

iconBabayolu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir