Muğama Gəliş, Uşaqlıq İlləri və İlk Addımlar
Azərbaycanın Əməkdar artisti Babək Niftəliyevi ilk dəfə Respublika Muğam Müsabiqəsində tanımışam. O dövrdə Kəlbəcər daha çox aşıq sənəti ilə tanınırdı. Xanəndəlik ənənəsini yaşadan Binyamin Cəfərov və Ziyadxan Kəlbəcərli kimi sənətkarlar olsa da, bu sahədə respublika səviyyəsində geniş tanınan kəlbəcərli ifaçılar az idi. Babək Niftəliyev isə muğam müsabiqəsindəki uğurlu çıxışından sonra qısa zamanda sənətsevərlərin diqqətini cəlb etdi və adı tez-tez səslənən xanəndələrdən birinə çevrildi.
İllər sonra Babək müəllimlə daha yaxından tanış olmaq imkanım yarandı. Şəhid qərargah rəisi Zaur Cəfərovun yas mərasimində və sonralar müxtəlif məclislərdə etdiyimiz söhbətlər zamanı onun sənətə, ailəyə, insanlara və Vətənə bağlılığının şahidi oldum. Xüsusilə qaynanası İradə xanımın yas mərasiminin bütün məsuliyyətini öz üzərinə götürməsi onun ailə dəyərlərinə münasibətini daha aydın göstərirdi.
Bu görüşlər və söhbətlər məndə Babək Niftəliyevin həyat yoluna, sənətə gəlişinə, uşaqlıq illərinə, məcburi köçkünlük dövründə yaşadıqlarına və uğur hekayəsinə daha yaxından nəzər salmaq istəyi yaratdı.
Oxuculara Azərbaycan Respublikasının Əməkdar artisti Babək Niftəliyevlə müsahibənin ilk hissəsini – “Muğama Gəliş, Uşaqlıq İlləri və İlk Addımlar” bölümünü təqdim edirik.
Sabir Mirzəyev: Xoş gördük. İstərdim söhbətimizə elə ən başdan – muğama, musiqiyə gəlişinizdən başlayaq. Bu sənəti seçməyiniz təsadüfi idi, yoxsa ailədən gələn bir bağlılıq var idi?
Babək Niftəliyev: Xoş gördük, Sabir müəllim. Mənim muğama gəlişim qətiyyən təsadüfi olmayıb. Bu, bizim soyumuzda, kökümüzdə var. Atam, əmilərim hamısı səsli-küylü, musiqiyə bağlı adamlar olublar. Hələ Kəlbəcərdə uşaq ikən evimizdə muğam kasetlərinə, xüsusən də ustad Hacıbaba Hüseynovun ifalarına böyük heyranlıqla qulaq asardım. İçimdəki o sevgi elə uşaqlıqdan yoğrulmuşdu. İlk dəfə də uşaq yaşlarımda elə Kəlbəcərdə, toy məclisində oxumuşdum və hələ o vaxtdan insanların diqqətini çəkməyə başlamışdım.
Sabir Mirzəyev: Uşaqlıq illərinizi necə xatırlayırsınız? Çoxları sənətkarların uşaq vaxtı çox dəcəl, tabe olmayan olduğunu deyirlər. Siz necə, “islah uşağı” idiniz?
Babək Niftəliyev: Yox, mən heç vaxt o deyilən dəcəl, “islah uşağı” olmamışam. Əksinə, çox sakit, böyük-kiçik yeri bilən, valideynlərinin sözündən çıxmayan, tərbiyəli bir uşaq olmuşam. Biz üç qardaş olmuşuq, üçümüz də atamızın o səmimiyyətini, dürüstlüyünü götürüb eyni xarakter və eyni tərbiyə ilə böyümüşük.
Məcburi Köçkünlük Dönəmi və Murov Dağının Ağrıları
Sabir Mirzəyev: Amma o sakit uşaqlıq illərinizi çox büyük bir köçkünlük faciəsi yarıda kəsdi… Kəlbəcərin işğalı və məcburi köçkünlük həyatı yaddaşınızda hansı izləri qoydu?
Babək Niftəliyev: Məcburi köçkünlük həyatı mənim uşaqlıq illərimi məhv etdi, puç etdi. Qaçqınlıq, köçkünlük və kasıbçılıq üzündən mən uşaqlığımı tam yaşaya bilmədim. Bu dövrün mənim üçün ən mənfi tərəfi — ürəyimdə və yaddaşımda silinmez, ağır bir damğa buraxmasıdır. Çoxsaylı şəhidlərimiz, Xocalı və Ağdaban soyqırımları bu dövrün ən ağrılı səhifələridir.
Yaddan çıxmayan ən ağır epizod isə Kəlbəcərdən çıxdığımız o ilk gündür. Uşaq idim, atam mənə dedi ki, “müharibə dayansın, iki günə qayıdırıq”. Mən də elə bildim doğrudan da iki günə qayıdacağıq, özümlə sadəcə məktəbli çantamı götürdüm… Evimizdə qalan qara rəngli, stolüstü maqnitofonumu və çox sevdiyim Hacıbaba Hüseynovun kasetlərinə qulaq asa-asa qalan o günlərimi, onları gətirə bilməməyimi hələ də içimdə acı bir xatirə kimi daşıyıram.
O yollardakı köç karvanları bu gün də gözümün önündən getmir. Murov dağının zirvəsində qardaşımın məndən və atamdan su istədiyi anı böyük bir ağrı ilə xatırlayıram. Bütün bulaqlar donmuşdu, su yox idi. Atam məcbur qalıb Murovun qarlarını camın (qabın) içində əridib, sonra da əli ilə bir az soyudub qardaşıma içirdi ki, uşaq susuzluqdan tələf olmasın. Bunlar unudulacaq xatirələr deyil.
Gəncə və Bakı İlləri: Sənətdə Təkbaşına Mübarizə
Sabir Mirzəyev: Kəlbəcərdən sonra yolunuz Gəncədən keçdi. Gəncə dövrü bir sənətkar kimi püxtələşməyinizdə necə rol oynadı?
Babək Niftəliyev: Bəli, Kəlbəcərin işğalından sonra ailəlikcə Gəncə şəhərinə pənah gətirdik. Orada ilk vaxtlar çox böyük maddi və mənəvi çətinliklərlə üzləşdik. Qaçqınlıq həyatının bütün ağırlığı çiyinlərimizdə idi, bütün mənəviyyatımız, fikrimiz o çətinliklərlə məşğul idi, amma sənətə olan sevgim məni ayaqda saxladı. Musiqi fəaliyyətimə Gəncədə daha ciddi şəkildə davam etdim. Gəncə Musiqi Texnikumunda (indiki Gəncə Musiqi Kolleci) təhsil aldım. Orada mənə muğamın sirlərini öyrədən, mənə dərs deyən çox dəyərli ustad müəllimlərim oldu. Gəncə mühiti mənim bir xanəndə kimi yetişməyimdə və Bakı mərhələsinə keçməyimdə mühüm bir tramplin oldu.
Sabir Mirzəyev: Bəs Bakıya gəlişiniz necə oldu? Paytaxt mühitində özünüzə yer tapmaq, tanınmaq çətin olmadı ki? Sizə kömək edən, əlinizdən tutan biriləri var idi?
Babək Niftəliyev: Gəncədən sonra Bakıya gəldim və sənətimi daha geniş auditoriyaya çatdırmaq üçün gecə-gündüz çalışdım. Bir şeyi xüsusi vurğulamaq istəyirəm: mənim Bakıda heç bir kənar arxam, dayağım, himayədarımla imkanlı bir adamım olmayıb. Heç bir kənar kömək olmadan, yalnız Allahın verdiyi səs, öz savadım, istedadım və halal zəhmətim sayəsində müsabiqələrdə, dövlət tədbirlərində özümə yer qazandım. Sənətim uğrunda canımı və bütün varlığımı qurban vermişəm. Gecəmi gündüzümə qataraq, böyük əziyyətlərlə bu səviyyəyə gəlib çatmışam.
Bu ağır məcburi köçkünlük həyatının bəlkə də yeganə müsbət tərəfi o oldu ki, Bakıda sənətdə tanındım, fəaliyyətim qiymətləndirildi, respublikanın Əməkdar artisti fəxri adına layiq görülməsini həyatımın ən böyük uğurlarından biri hesab edirəm və bu gün xalqın sevgisini qazanmışam.
Müəllimlik Fəaliyyəti və Təhsilə Baxış
Sabir Mirzəyev: Hazırda həm də pedaqoji fəaliyyətlə məşğulsunuz. Sizcə, siz daha yaxşı xanəndəsiniz, yoxsa daha yaxşı müəllim?
Babək Niftəliyev: Bilirsiniz, mən özümü tərifləməyi qətiyyən sevmirəm. Bu sualı mənim tələbələrimdən – məsələn, tələbəm Bəxtiyardan və ya oradakı digər pedaqoq həmkarlarımdan soruşsanız daha doğru olar. Mən hazırda Asəf Zeynallı adına Musiqi Kollecində (2018-ci ildən) və Azərbaycan Milli Konservatoriyasında (2022-ci ildən, professor Siyavuş Kəriminin şəxsi dəvəti ilə) dərs deyirəm. Mənə göstərilən bu böyük etimadı hər zaman doğrultmağa çalışıb, sənətdə xanəndə və muğam ifaçısı olaraq bir vəhdət təşkil edirəm.
Müəllimlik çox məsuliyyətli və çətin bir peşədir. Yaxşı müəllim olmaq üçün insanın öz sənətində tam peşəkar olması və bildiklərini tələbələrinə düzgün öyrətməsi şərtdir. Sağ olsunlar, dərslərimə digər müəllimlər də gəlib maraqla izləyirlər.
Ailə Münasibətləri, Qayınana Hörməti və Övlad Tərbiyəsi
Sabir Mirzəyev: Bir az da ailənizdən danışaq. Ailə dəyərləri sizin üçün nə dərəcədə önəmlidir? Həyat yoldaşınız İradə xanımın sizin həyatınızdakı rolunu necə dəyərləndirirsiniz?
Babək Niftəliyev: Ailə insan həyatındakı ən vacib amildir. Mənim fikrimcə, insan ata-anasız yaşaya bilsə də, ailəsiz yaşaya bilməz. Çətinliklərdən keçmiş və həyata yenidən qaytarılmış həyat yoldaşına gözəl bir ailə bəxş etmək, onun arxasında hər zaman dağ kimi durmaq böyük bir alicənablıqdır və mən bunu belə də qəbul edirəm.
Mən özüm çox ailəcanlı bir insanam. Yoldaşına hörmət qoyan hər bir kəs onun anasına — yəni qayınanasına da hörmət etməlidir. Çünki o da bir anadır və sənə ömür-gün yoldaşını bəxş edib. Mən özümü hər zaman qayınanamın oğlu əvəzi hesab etmişəm, onun hüzr məclisini, dəfn və yas işlərini də öz doğma oğul borcum kimi layiqincə yola vermişəm. Baldızım da ailəlidir.
Sabir Mirzəyev: Bəs uşaqların tərbiyəsi ilə kim məşğul olur? Onların gələcəyini necə görürsünüz?
Babək Niftəliyev: Övladlarımızın tərbiyəsi ilə həm yoldaşım, həm də özüm məşğul oluruq. Amma etiraf edim ki, mənim işlərimin – tədbirlərin, toyların, çöl işlərinin, dərslərin, efirlərin çoxluğu səbəbindən uşaqların gündəlik tərbiyəsi və dərsləri ilə daha çox anaları məşğul olur. Övladlarım hazırda Bülbül adına Orta İxtisas Musiqi Məktəbində oxuyurlar.
Mən vaxtilə qaçqınlıq, köçkünlük, kasıbçılıq içində böyümüşəm, çox əziyyətlər çəkmişəm. İstəmirəm ki, mənim övladlarım o çətinlikləri görsünlər. Hər zaman onların arxasındayam, gecə-gündüz onların gələcəyini düşünürəm.
Sabir Mirzəyev: Amma az öncə dediniz ki, çəkdiyiniz kasıbçılıq və əziyyət sizi formalaşdırdı. Övladlarınızı bu əziyyətdən qorumaq onların gələcəyinə mənfi təsir etməz ki?
Babək Niftəliyev: Baxın, insan varlı olanda çox şeylər barədə dərindən düşünmür. Amma kasıb olanda daha düşüncəli olur, gecə-gündüz həyatı, təlim-tərbiyəni fikirləşir. Mənim şəxsi qənaətim belədir ki, hər bir uşaq mütləq həyatda əziyyətə qatlaşmalı, çətinliyin nə olduğunu dərk etməlidir. Hazıra nazir böyüyən, hər şeyi valideynindən hazır alan uşaqların gələcəkdə cəmiyyətə layiqli bir övlad ola biləcəyinə mən inanmıram.
Sabir Mirzəyev: Öz övladınızla öz uşaqlığınızı müqayisə etsəniz, hansı nəticəyə gəlirsiniz? “Yaxşı ata və yaxşı ər” sualına yanaşmanız necədir? Atanızdan yaxşı kişisiniz?
Babək Niftəliyev: Atamla özümü müqayisə edəndə onu deyə bilərəm ki, hər dövrün, hər kişinin öz xarakteri, düşüncəsi və şüuru var. Atam öz dövrünə, özünə görə bir kişi olub. Bu xüsusiyyətlər genetik olaraq nəsildən-nəslə keçir. Atamla fəxr edirəm. İndiki dövrlə bizim dövrün şərtləri, uşaqların böyüdüyü mühit isə tamamilə fərqlidir.
Sabir Mirzəyev: Söhbətlərinizdə uşaq tərbiyəsinin hələ doğulmazdan əvvəl başladığını qeyd edirsiniz. Bu fikri bir az aça bilərsiniz?
Babək Niftəliyev: Bəli, mən bunu ağsaqqallardan, elə həkimlərdən də eşitmişəm və tamamilə razıyam. Uşaq ilk tərbiyəni və xarakteri doğulandan sonra deyil, elə ana bətnində ikən alır. Ana hamiləlik dövründə hansı hissləri keçirirsə – əsəb, sevinc, kədər və ya hansı yeməkləri sevir, necə davranırsa – bu, irsi və bioloji olaraq bətnindəki uşağa da keçir. Uşağın xarakteri elə ana bətnindən formalaşmağa başlayır. Tərbiyə ailədən görülür, çəkilən kasıbçılıq və çətinliklərin də bura böyük təsiri olur.
Həyat Fəlsəfəsi: Allaha Sığınmaq və İnsanlıq Amili
Sabir Mirzəyev: Hər kəlmənizdə Allahın adını çəkirsiniz, Allaha sonsuz bir inamınız var…
Babək Niftəliyev: İnsanın bu dünyada Allaha sığınmaqdan və Ona inanmaqdan başqa çarəsi yoxdur, Sabir müəllim. Həyatda hər hansı bir peşənin sahibi olmaq, yaxşı vəzifədə işləmək və çoxlu pula sahib olmaq mümkündür. Amma mən hər şeydən əvvəl “insanlıq” amilinə üstünlük verirəm. İnsan olmaq, insan qala bilmək ən çətinidir.
Mən bu gün artıq öz çörəyimi qazanıram, amma bugünkü gündə də valideynlərimə (anası nəzərdə tutulur) həm mənəvi, həm də maddi cəhətdən hər zaman əlimdən gələn köməkliyi edirəm və bunu özümə böyük qürur, övladlıq borcu bilirəm.
Sabir Mirzəyev: Bir sənətkar kimi vətənpərvərlik və təəssübkeşlik mövzusuna baxışınız necədir?
Babək Niftəliyev: Mənim fikrimcə, hər bir sənətkar və insan mütləq təəssübkeş olmalıdır. İnsanın öz yurdunu, vətənini və millətini dərindən sevməsi onun daxili mənəviyyatından və sənətindən irəli gəlir. Əgər bir sənətkarda vətən təəssübkeşliyi yoxdursa, onun oxuduğu muğamın da rəngi olmaz.
Şəhid Ailələri, Qazilər və Xeyriyyəçilik Prinsipləri
Sabir Mirzəyev: İkinci Qarabağ müharibəsində şəhid olmuş polkovnik-leytenant Zaur Cəfərovun ailəsinə hər hansı bir maddi yardım etmisinizmi? Ümumiyyətlə, həmin ailədə gözdən əlil iki fiziki qüsurlu uşağın olmasından xəbəriniz var idi?
Babək Niftəliyev: Yox, Zaur Cəfərovun ailəsinə hər hansı bir maddi yardım etməmişəm. Həmin ailədə gözdən əlil iki fiziki qüsurlu uşağın olmasından isə tamamilə xəbərsizəm. Lakin mən digər bir çox xanəndə və müğənnilərdən fərqli olaraq, hər zaman şəhid ailələrinin yanında olmağa çalışıram. Şəhidimizin hüzr məclisində iştirak etmək həm mənim özüm üçün, həm də həmin ailə üçün bir şərəfdir.
Sabir Mirzəyev: Bəs bugünkü gündə qazilərin və şəhid ailələrinin bəzi davranışlarından razısınızmı? Bir də, 44 günlük müharibə dövründə və sonrasında onlara mənəvi dəstək ola bildinizmi?
Babək Niftəliyev: Qazilərin və şəhid ailələrinin davranışları barədə konkret bir fikir söyləmək istəməzdim. Amma şəhid övladlarının məclislərini və qazilərin toylarını tamamilə təmənnasız, ödənişsiz idarə edirəm, onlardan bir qəpik də pul almıram. Müharibə dövründə və sonrasında isə vaxt darlığı, işlərin çoxluğu səbəbindən şəhid ailələrinin evlərinə bir-bir gedib onlara təskinlik verməyə hər zaman imkan tapa bilmirdim, amma bunun necə vacib olduğunu hər zaman anlamışam.
Sabir Mirzəyev: Bu etdiyiniz xeyriyyə işlərini sosial şəbəkələrdə niyə çox paylaşmırsınız? İndiki dövrdə hamı etdiyi kiçik bir yaxşılığı belə reklam edir.
Babək Niftəliyev: Mən “Instagram”da və ya digər sosial şəbəkələrdə etdiyim yaxşılıqları, xeyriyyə işlərini və ya şəhid ailələrinə etdiyim təmənnasız xidmətləri geniş şəkildə nümayiş etdirməyi qətiyyən xoşlamıram, bunu sevmirəm. Mənim prinsipim budur ki, edilən yaxşılıq gizli qalmalıdır. Düzdür, bəzi fəaliyyətlərimi paylaşmışam, maraqlananlar sənətimlə bağlı rəsmi səhifəmə baxıb görə bilərlər. Amma sosial şəbəkələri mən yalnız rəsmi işlərim, sənətim və efir çıxışlarım üçün bir vasitə olaraq istifadə edirəm. Dövlət tədbirlərində, Heydər Əliyev Sarayında və digər rəsmi konsertlərdə də hər zaman təmənnasız, dövlətimə xidmət amalı ilə çıxış etmişəm. Dövlətim də sağ olsun, bu xidmətləri qiymətləndirib fəxri ad (Əməkdar artist) verib, bundan da qürur duyuram.
Həmkarlarla Münasibət və Bağlı Qalan Mövzu
Sabir Mirzəyev: Toylardan söz düşmüşkən, toylara konkret hansı qiymətə gedirsiniz? Məclislərdə maddi baxımdan kimlərə güzəşt edirsiniz?
Babək Niftəliyev: Toy məclislərinə getdiyim konkret bir sabit məbləğ açıqlamaq istəmirəm, bu barədə danışmağa üstünlük vermirəm. Amma bayaq dediyim kimi, imkanı zəif olan, kasıb, kimsəsiz və ya yetim uşaqların toylarını tam təmənnasız idarə edirəm, heç bir pul tələb etmirəm. Maddi vəziyyəti yaxşı olan, imkanlı insanlardan isə əlbəttə ki, zəhmətimin haqqını tam şəkildə alıram.
Sabir Mirzəyev: Kəlbəcər sənətkarları arasındakı münasibətlər, sənətdəki paxıllıq və gözügötürməyən adamlar haqqında nə deyə bilərsiniz? Sizə qarşı belə hallar olurmu?
Babək Niftəliyev: Mən sənətdə heç vaxt heç kimə qarşı paxıllıq hissi keçirməmişəm. Özünü hamıdan uca görən, təkəbbürlü və paxıl insanları mən “gözügötürməyən adamlar” kimi xarakterizə edirəm. Həyatda hamı ilə, xüsusən də Kəlbəcər sənətkarları ilə hər zaman mehriban, səmimi münasibət saxlamağa çalışıram. Kəlbəcər sənətkarlarının hamısı ustad, dəyərli və gözəl insanlardır. Sənətdə olan bəzi xırda nöqsanları, paxıllıqları və ya inciklikləri isə böyütmək istəmirəm, hər kəsin bu sənətdə özünəməxsus yeri var.
Sabir Mirzəyev: Sabir müəllim, kaş ki, hər kəs sizin kimi düşünüb təəssübkeşlik edə bilsəydi… Kaş ki… Sizin bu səmimi sözləriniz və sənətkar qayğınız çox dəyərlidir.
Babək Niftəliyev: Çox sağ olun, Sabir müəllim. Mənim qazandığım uğurların hər biri Kəlbəcərimiz üçündür. Mən bu sənət yolu üçün çox böyük professional təhsil mərhələlərindən keçmişəm: 5 illik musiqi məktəbini xanəndəlik ixtisası üzrə, 4 illik Asəf Zeynallı adına Musiqi Kollecini, 4 illik Azərbaycan Milli Konservatoriyasını bitirmişəm, ardınca isə magistratura və bakalavr pillələrini tamamlamışam. Ona görə də artıq neçə illərdir ki – 2013-2014-cü illərdən bəri mən həm də pedaqoji fəaliyyətlə məşğul oluram.
İndi mənim üç övladım da Bülbül adına Orta İxtisas Musiqi Məktəbində oxuyur. Mən hazırda Kəlbəcərin ilk vokalistini yetişdirirəm. Böyük oğlum Mehdi vokalistdir, o, Qran-pri və birincilik yerlərinin qalibidir. Digər iki övladım – Cavidan və Ömər isə xanəndəlik ixtisası üzrə mənim yolumu davam etdirirlər. Çalışdığım qədər Kəlbəcərimizə gözəl töhfələr verir, gözəl xanəndələr yetişdirirəm; çoxlu sayda kəlbəcərli tələbələrim var.
Sabir Mirzəyev: Səmimi müsahibə və cavablar üçün çox sağ olun.
Babək Niftəliyev: Siz də sağ olun, Sabir müəllim.
Hörmətli Babək müəllimin yeni vəzifəyə- Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin “Xalq çalğı alətləri” şöbəsinə – şöbə müdiri təyin olunması bizi sonsuz qürurlandırdı. Ona bu məsuliyyətli fəaliyyətində cansağlığı, yaradıcılıq uğurları və musiqi mədəniyyətimizə hər zaman olduğu kimi dəyərli töhfələr verməsini arzulayırıq. Yeni vəzifəniz mübarək olsun Babək müəllim!
Müsahibəni apardı:
Sabir Mirzəyev Hacı oğlu
Hazırladı: Yalçın Ağayev

Babayolu.az