Bu gün Əməkdar elm xadimi, tanınmış ictimai-siyasi xadim, eyni zamanda “Green Start Academy”nin illərdir həyata keçirdiyi maarifçilik missiyasının ən dəyərli yol yoldaşlarından biri – professor Şahlar Əsgərovun 85 yaşı tamam olur.
Professor Şahlar Əsgərov 1941-ci ildə Böyük Vətən Müharibəsi başlayandan 23 gün sonra Kəlbəcər rayonunun Başlıbel kəndinin Yemişgələn yaylağında dünyaya göz açıb. Buna görə də yarı zarafat, yarı gerçək deyərdi: “Elm yolunu Molla Məhəmməd ağanın təbliğatı ilə seçmişəm”. Məhəmməd ağa da deyərmiş: “Ay Qaçay, bu uşaq Başlıbellidir, ona görə də elm yolunu seçməlidir”.
Atası Qaçay Əsgərov da o dövrün ictimai-siyasi həyatında fəal iştirak etdiyi üçün övladlarına daim elmin ardınca getməyi tövsiyə edərdi.
Şahlar müəllim Başlıbelli professor Əli Mirzəyevdən də dəyərli tövsiyələr alardı. Professor gənclərə elm yolunu seçməyi və gənc nəslin savadlı yetişməsinə yardım etməyi məsləhət bilərdi.
Professor Şahlar Əsgərov ömrünün çiçəklənən dövründə doğma yurdunun erməni vandalları tərəfindən işğala məruz qalmasının ağrısını yaşadı. Doğmaları ilə birlikdə ağır məcburi köçkünlük ömrü sürdüyü illərdə Kəlbəcəri, ata yurdunu ziyarət edə bilməməyin böyük sarsıntısını keçirirdi.
O, Azərbaycan ziyalılarının ən çətin dövrlərdə öndə gedən simalarından – “91-lər”dən biri olub. Ömrünü təkcə elmə deyil, həm də ölkənin ictimai-siyasi fəaliyyətinə sərf edib. Yeni Azərbaycan Partiyasının (YAP) ən fəal üzvlərindəndir. Bir çağırış Milli Məclisdə Kəlbəcər rayonu üzrə deputat kimi fəaliyyət göstərib.
Hörmətli Şahlar müəllim!
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, sizə möhkəm cansağlığı və uzun ömür arzulayırıq.
İllərdir təşkil etdiyimiz konfranslarda, görüşlərdə və maarifləndirici tədbirlərdə iştirakınız, dəyərli fikir və təcrübələrinizi bizimlə bölüşməyiniz auditoriyamız üçün böyük qazanc olub. Sizin hər bir çıxışınız tədbirlərimizə sadəcə elmi dəyər deyil, həm də mənəvi məna, vətəndaşlıq mövqeyi və düşüncə mədəniyyəti gətirib. Gənclərin, müəllimlərin və valideynlərin qarşısında səsləndirdiyiniz fikirlər yüzlərlə insanın dünyagörüşündə dərin iz qoyub, onları daha məsuliyyətli, daha araşdırmaçı və daha düşünən fərdlər olmağa sövq edib.
Bu gün geriyə baxanda görürük ki, əməkdaşlığımız yalnız birgə keçirdiyimiz tədbirlərlə ölçülmür; sizin dəyərli tövsiyələriniz, dəstəyiniz və örnək şəxsiyyətiniz “GSA”nın inkişaf yolunda daim aparıcı qüvvə olub.
Şahlar müəllim, Sizin kimi ziyalıların, elm fədailərinin varlığı cəmiyyətimizin güvən yeridir. Arzu edirik ki, sağlamlığınız həmişə möhkəm olsun, fikirlərinizdən doğan işıq hələ uzun illər insanlara yol göstərsin.
Doğum gününüz mübarək!

Babayolu.az