Son xəbər...

Uşaqlığın Son Günü, Yeni Həyatın Başlanğıcı: Şəhidimizin Əmanətləri İlə Keçən Kövrək və Qürurlu “Son Zəng”

Hər bir insan ömründə elə günlər olur ki, o həm ayrılıq duyğusunu, həm də gələcəyə olan böyük ümidlərin sevincini eyni anda yaşadır. Məhz belə günlərdən biri – məktəb illərinə əlvida deyib müstəqil həyata qədəm qoyan gənclərimiz üçün çalınan “Son Zəng”dir. Bu zəng həm uşaqlığın son günü, həm də yeni bir həyat mərhələsinin başlanğıcıdır. Deməli, bəzən vüsal yolunda irəliləmək, daha böyük hədəflərə çatmaq üçün bu müvəqqəti ayrılığı yaşamaq mütləqdir.

Mən də Kəlbəcər rayon YAP təşkilatının nümayəndəsi və Babayolu.az saytının baş redaktoru kimi, bu fərəhli və kövrək gündə məzunlarımızın yanında olmaq üçün Bakıdan yola düşdüm. Ünvanım Mingəçevir şəhər Nizami Gəncəvi adına 8 nömrəli tam orta məktəbi idi.

​Tədbirə gələcəyimi eşidəndə qəlbimi riqqətə gətirən, məni çox duyğulandıran bir hadisə yaşandı. 6 ildir tanıdığım, ailəsinə yaxından bələd olduğum 44 günlük Vətən Müharibəsi şəhidi, kəlbəcərli qəhrəmanımız Taleh Muxtarovun qızlarından Aydan zəng edib gələcəyimi biləndə səsi titrədi:

“Səhhətiniz yaxşıdırmı?! Gəlin, əziz qonağımızsınız, Sabir müəllim! Çox sevinərik bacımla!”

Atalarının yoxluğuna hələ də inanmaq istəməyən, bu illər ərzində hər çətinliyə dözən bu iki həssas qəlbin bu cür diqqəti mənim üçün ən böyük mənəvi mükafat idi. Məktəb həyətində keçirilən tədbir olduqca kövrək keçdi. Zaman yer oxu ətrafında fırlandıqca qızlarımız da böyümüş, məzun qüruru ilə qarşımda dayanmışdılar. Onlar – XI “b” sinif şagirdləri Aydan Muxtarlı və Səbinə Muxtarova builki məzunlar cərgəsində idilər.

​Səbinə gözləri dolaraq, böyük yaş damcıları üzündən aşağı sel kimi tökülə-tökülə atasının ən böyük arzusunu xatırladı:

“Atam bizim ali təhsil almağımızı çox istəyirdi. ‘Qızlarımı oxudacam. Qoy savadlı olsun, mənim can parçalarım’ deyirdi…”.

​Bu kövrək məqamda Aydan böyük bir mətanətlə bacısını qucaqladı və mənəvi güc verdi:

“Anamıza söz vermişik, bu gün ağlamayacağıq. Atamızın da ruhu inciyər…”.

​Bacıların hər ikisi artıq ali məktəbə sənəd veriblər və gələcəkdə tələbə adını qazanaraq atalarının ruhunu şad edəcəklərinə tam əmindirlər. Məktəbin tədris işləri üzrə direktor müavini Dilrubə Həsənova da mənə qızlar haqqında böyük qürurla danışdı. Onların məktəbin ən fəal şagirdləri olduqlarını və həssas ailənin övladları kimi hər zaman kollektivin xüsusi diqqət və qayğı mərkəzində dayandıqlarını bildirdi. Qızların anası Afət Muxtarova da məktəbin direktoru Aysel müəlliməyə və bütün müəllim kollektivinə övladlarına göstərilən bu həssas münasibətə görə dərin təşəkkürünü yetirdi.

​Tədbirdə çıxış edərək həm şəhidimizin bizə əmanəti olan qızlarımıza, həm də bütün məzun gənclərimizə ürək sözlərimi və gələcək uğur arzularımı çatdırdım. Onlara xatırlatdım ki, bizim müqəddəs Vətənimiz – Azərbaycanımız hər birimiz üçün qorunmalı olan ən ali varlıqdır. Dövlətimiz nə qədər qüdrətli olsa, xalqımız da o qədər firavan yaşayacaq və bu qürurlu estafeti gələcək nəsillərə fəxrlə ötürəcəkdir. ​Bu uşaqlar Kəlbəcər rayonundan olan məcburi köçkün ailələrinin övladlarıdır. Lakin bu gün onlar keçmişin ağrılı günləri ilə deyil, qalib bir ölkənin vətəndaşı kimi məzun olurlar. Çünki bu gün doğma Kəlbəcərimizdə də yenidənqurma işləri gedir, orada da məktəblər açılır və tezliklə “Son Zəng” sədaları Kəlbəcər dağlarında ucalacaqdır. Bu xoşbəxtlik, bu qürur Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və şəhidlərimizin canı-qanı bahasına qazanılmış Böyük Zəfərin doğan günəşinin şəfəqləridir.

​Məlumat üçün qeyd edim ki, hazırda rəhbərliyi Aysel İbrahim qızı Xəlilova tərəfindən uğurla həyata keçirilən bu məktəb 1991-ci ildən fəaliyyət göstərir. Vətənə çoxlu sayda dəyərli insanlar bəxş edən məktəbin 3 Şəhid məzunu var: İskəndərov Niyazi, Nəcəfli Oruc və Osmanov Arzuman. Hazırda ise təhsil ocağında 5 Şəhid övladı oxuyur ki, onların da ikisi bu gün məzun etdiyimiz Aydan və Səbinə bacılarıdır. Cari tədris ilində məktəbin XI sinfindən 85 şagird məzun oldu və onlardan 4 nəfəri təhsilini fərqlənmə ilə başa vurdu.

​Musiqi sədaları altında son dəfə məktəb həyətində rəqs edən, qonaqların sürəkli alqışları ilə yola salınan məzunların hər birinin gözündə həm ayrılıq kövrəkliyi, həm də gələcəyə böyük inam oxunurdu. Onlar uşaqlıq illərini bu doğma divarlar arasında qoyub yeni bir həyata ilk addımlarını atdılar.

​Mən də bir daha başda şəhidimiz Taleh Muxtarovun can parçaları – Aydan və Səbinə olmaqla, Mingəçevir şəhər 8 nömrəli məktəbin bütün builki məzunlarına müstəqil həyatda böyük uğurlar və ali məktəblərə qəbul imtahanlarında yüksək nailiyyətlər arzulayıram! Yolunuz açıq, gələcəyiniz parlaq olsun!

Kəlbəcər rayon YAP təşkilatının nümayəndəsi və Babayolu.az saytının baş redaktoru Sabir Hacıoğlu Mirzəyev

iconBabayolu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir