İnsan həyatının dəyəri tutduğu vəzifə ilə deyil, yaşadığı ömür ərzində qazandığı etibar, göstərdiyi xidmət və arxasında qoyduğu xoş xatirələrlə ölçülür. Elə insanlar var ki, onlar vəzifələri ilə deyil, şəxsiyyətləri, yüksək mənəvi keyfiyyətləri və xeyirxah əməlləri ilə cəmiyyətin rəğbətini qazanırlar. Belə ziyalılardan biri də Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının sektor rəhbəri Qurban Sadıqovdur.
Qurban Sadıqovun həyat yolu zəhmətin, məsuliyyətin və dövlətə sədaqətin nümunəsidir. Doğma Kəlbəcərin yetirməsi olan Qurban müəllim fəaliyyətinin ilk illərini təhsil sahəsinə həsr etmiş, 1984-cü ildə Sarıdaş kənd orta məktəbində müəllim kimi çalışaraq gələcək nəslin yetişməsində öz töhfəsini vermişdir. Sonralar dövlət idarəçiliyi sahəsinə keçərək məsul vəzifələrdə çalışmış, üzərinə düşən hər bir işi vicdanla və peşəkarlıqla yerinə yetirmişdir.
1993-cü ildə Kəlbəcərin işğalı ilə minlərlə soydaşımız kimi o da doğma yurdundan didərgin düşmüş, məcburi köçkün həyatının bütün çətinliklərini yaşamışdır. Lakin bu ağır sınaqlar onun iradəsini sarsıtmamış, əksinə, Vətənə və dövlətə bağlılığını daha da gücləndirmişdir.
Uzun illərdir Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatında qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində məsul fəaliyyət göstərən Qurban müəllim insanların taleyinə həssas yanaşması, yüksək təşkilatçılıq bacarığı və zəngin idarəçilik təcrübəsi ilə seçilmişdir. Onun əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmiş, səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Peşəkar fəaliyyəti ilə yanaşı, Qurban müəllimin ən böyük üstünlüyü insanlarla münasibətində özünü göstərir. O, sadəliyi, təvazökarlığı, alicənablığı və xeyirxahlığı ilə hər zaman ətrafındakı insanların hörmətini qazanmışdır. Onun qapısı ehtiyacı olan hər kəs üçün açıq olmuş, doğma el-obasının problemlərinə biganə qalmamışdır.
Qurban müəllimin Kəlbəcərə olan bağlılığı xüsusi vurğulanmalıdır. Doğulduğu torpağın həsrətini illərlə qəlbində yaşadan, azad olunmuş Kəlbəcərin inkişafını ürəkdən arzulayan və hər zaman həmyerlilərinin sevincini öz sevinci hesab edən insan kimi o, doğma yurda sədaqətin ən gözəl nümunəsini nümayiş etdirir.
Hörmətli Qurban müəllim!
Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edir, möhkəm cansağlığı, ailə səadəti, uzun ömür və məsuliyyətli fəaliyyətinizdə yeni nailiyyətlər arzulayırıq. Arzu edirik ki, bundan sonrakı ömrünüz doğma Kəlbəcərimizdə firavan və xoş günlər içində keçsin.
Qoy qazandığınız hörmət, insanların Sizə olan inamı və dövlətimizə xidmət yolunda əldə etdiyiniz uğurlar daim davamlı olsun.
Ad gününüz mübarək!
Dərin hörmət və ehtiramla,
Babayolu.az saytı adından
Yalçın Ağayev
Babayolu.az