Vətəndaş Məmnunluğu və Xadunokun Bərpası: Reabilitasiya Mərkəzindən Təəssüratlar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi. Azərbaycanda ətrafını itirmiş vətəndaşların sabaha olan ümidini özlərinə qaytaran yeganə müəssisədir. Bu mərkəz, Ərazi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən əlilliyi müəyyən edilmiş şəxslərin reabilitasiya vasitələri ilə təminatını həyata keçirir. Burada çalışan əməkdaşlar bu vasitələrin vətəndaşlara vaxtında çatdırılmasını özlərinin mənəvi borcu hesab edirlər.
Rayonlardan mərkəzə müraciət edən vətəndaşlar uzaq yol gəldiklərinə və yerlərdə bəzən lazımi diqqəti görmədiklərinə görə gərgin və aqressiv ola bilirlər. Lakin mərkəz əməkdaşları həssas qrupla işlədiklərinin məsuliyyətini dərk edərək, onlara xüsusi qayğı və təmkinlə yanaşırlar. Nəticədə, mərkəzə narazı daxil olan pasiyentlərin fikri dəyişir, onlar mülayimləşir və lazımi vasitələrlə təmin olunduqdan sonra kollektivə təşəkkür edərək ayrılırlar.
İnsan Resursları və Peşəkar Yanaşma
Mən də reabilitasiya vasitələri ilə təmin olunmaq üçün mərkəzə müraciət etmişdim. Bəzi vasitələr anbarda olmadığı üçün İnsan resurslarının idarə edilməsi və vətəndaş qəbulu şöbəsinin müdiri Rafiq Nəcəfovun qəbulunda oldum. Onunla apardığım fikir mübadiləsi mərkəz və onun kollektivi haqqında məndə çox müsbət təəssürat yaratdı.
Rafiq müəllimlə söhbətimiz zamanı aydın oldu ki, işə qəbul zamanı namizədlərin bilik səviyyəsi ilə yanaşı, həm də onların insani keyfiyyətləri əsas meyarlardan biridir. Nazirliyin tələblərinə uyğun olaraq, seçim zamanı əlilliyi olan şəxslərə, Vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinin üzvlərinə üstünlük verilir. Hazırda mərkəzdə çalışanların böyük bir hissəsini məhz bu qrupa aid olan şəxslər təşkil edir.
Dövlət Qayğısı və Müasir Texnologiyalar
Mərkəz Azərbaycan dövlətinin dəstəyi ilə ən müasir avadanlıqlarla təchiz olunub. Cənab Prezidentin 2026-cı il yanvarın 5-də media nümayəndələrinə verdiyi müsahibədə qeyd etdiyi kimi, artıq 500-dən çox əlilliyi olan şəxs yüksək texnologiyalı protezlərlə təmin edilib. Bu müasir protezlər sayəsində vətəndaşlar gündəlik həyata adaptasiya olur, hətta idmanla məşğul ola bilirlər.
Ölkə başçısının Məmurlar vətəndaşların xidmətində durmalıdır devizi mərkəzin əsas iş prinsipidir. Rafiq müəllim nümunə kimi uzun illər orada çalışmış mütəxəssis Nazim Əliyevi qeyd etdi. Nazim usta hər iki əli amputasiya olunmasına və protezdən istifadə etməsinə baxmayaraq, digər vətəndaşlar üçün protezlər hazırlayaraq onlara yaşamaq eşqi bəxş edib. Təbii ki, bəzən işinə biganə yanaşan əməkdaşlara da rast gəlinir, lakin rəhbərlik tərəfindən belə hallara qarşı ciddi intizam tədbirləri görülür.
Şəxsi Təcrübə və Nümunəvi Davranış
Mənim müraciətim zamanı reabilitasiya vasitəsinin (xadunokun) zədələnmiş hissəsinin dəyişdirilməsi lazım idi. Yeni detal olmadığı üçün şöbə müdiri Rafiq Nəcəfov şəxsən qollarını çırmayıb öz kabinetində həmin hissəni təmir etdi. Onun bu qədər sadə və bacarıqlı olması məni həqiqətən təəccübləndirdi. Adətən rəhbər vəzifəli şəxslər belə texniki işlərlə məşğul olmağı özlərinə sığışdırmırlar, lakin onun bu hərəkəti əsl vətəndaş təəssübkeşliyi idi.
Daha bir nümunə isə Tərtər rayonundan gələn müharibə iştirakçısı ilə bağlı oldu. Sistemdə problem yarandığı üçün həmin şəxsə lazımi vəsait verilə bilmirdi. Rafiq müəllim dərhal Bərdədəki DOST Mərkəzi ilə əlaqə saxlayaraq problemin həllini xahiş etdi və vətəndaşın məmnunluğunu təmin etdi.
Əgər bütün dövlət qurumlarında vətəndaşlara qarşı belə həssaslıq və qayğı göstərilsə, insanlarımız inciməz və dövlətdən daha çox razı qalarlar. Bizim məqsədimiz vətəndaşların itmiş ümidlərini bərpa etmək və onların könlünü almaq olmalıdır.

iconBabayolu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir