Bu sayt Başlıbellilərin, eləcə də duyğuları olan hər kəsin üzünə açıqdır. Heç bir təmənna güdülmür.
Əlaqə nömrəsi:
070 531 91 72 – həm vatsap, həm də zəng
051 531 91 72 – yalnız vatsap
11 fevral mənim üçün təqvimdəki adi bir gün deyil. Bu gün həyatımın qırıldığı, nəfəsimin yarımçıq qaldığı, uşaqlığımın birdəfəlik bağlandığı gündür.
Atam 11.02.2019-cu ildə bu dünyadan köçdü və o gündən sonra zaman mənim üçün irəli getmədi, sadəcə üstümdən keçdi. Bu gün artıq 7-ci ildir, amma ağrı nə köhnəldi, nə də azaldı. Əksinə, illər keçdikcə daha ağır, daha dərin, daha boğucu oldu.
Çünki insan yaş aldıqca anlayır: atanın yoxluğu sadəcə bir insanın itməsi deyil, insanın arxasındakı dağın uçmasıdır. O dağ uçanda həyat başına dolu kimi yağır və səni heç kimdən gizlətmir.
Atam gedəndə evimizdə bir səs kəsildi, bir baxış itdi, bir güvən söndü. Süfrələr quruldu, amma başıboş qaldı. Qərarlar verildi, amma arxasında ata sözü olmadı.
Güldüm, amma içimdə nəsə həmişə ağladı. Uğur qazandım, amma onu görən göz olmadı. Çünki atanın görmədiyi sevinc sevinc sayılmır.
Gecələr çox olub ki, bircə dəfə “Ata” deyə bilmək üçün boğazım düyünlənib. Bir məsləhət, bir təsəlli, bir baxış üçün ürəyim yanıb, amma cavab əvəzinə sükut gəlib – soyuq, ağır, insanı içindən yeyən sükut.
Yetimlik uşaqlıqda olmurmuş. Mən bunu atamı itirəndən sonra böyüyə-böyüyə, hər yükü tək qaldıra-qaldıra, hər ağrını içimdə basdıra-basdıra öyrəndim.
Qəbrinin başında dayandığımda söz tapmıram. Çünki deyəcək çox sözüm var, amma səni eşidən yoxdur. Sadəcə deyirəm ki:
— Ata, mən buradayam. Sənin yoxluğuna baxmayaraq ayaqda qalmağa çalışıram. Amma bil ki, hər gün bir az da sınaraq…
Sənin yoxluğun mənim həyatımın bitməyən yarasıdır. Nə bağlanır, nə sağalır. Sadəcə qanamağı öyrənir. Mən bu dünyada nəfəs aldığım hər gün sənin adınla, sənin həsrətinlə, sənin yerini doldura bilməyən boşluğunla yaşayıram.
Ruhun şad olsun, ata. Sənin yanına gəlmək üçün hər gün dua edirəm.
Başlıbel seydi, Seyid Nəbi nəslin nümayəndəsi Mənsim kişinin nəvəsi Ziyad – Zahidin oğlu
Vüsal Tağızadə
Babayolu.az