İrəvan Ermənistana səfəri zamanı Volodimir Zelenskinin Moskvaya qarşı kəskin çıxışlarını görməzdən gəlib.
Babayolu.az Musavat.com-a isttinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin TASS agentliyinə müsahibəsində bildirib.
“Təbii ki, Moskva Volodimir Zelenskinin Brüsselin təşəbbüsü ilə İrəvana gəlişini və onun Rusiyaya qarşı nifrət dolu çıxışlarını qeydə alıb. Ev sahibi olan Ermənistan tərəfi isə bu çıxışları israrla görməməzlikdən gəlib”, – deyə diplomat qeyd edib.
Kaluqinin sözlərinə görə, Ermənistanda Avropa Siyasi Birliyinin sammitlərinin və Ermənistan-Aİ görüşlərinin keçirilməsi, xüsusən də parlament seçkiləri ərəfəsində erməni əhalisi üçün cazibədar bir Avropa “ilğımı” yaratmaq məntiqinə söykənir.
Departament rəhbəri diqqəti xüsusi bir məqama çəkib: “Bu baxımdan bir məqam xarakterikdir. Sammitin yekun bəyanatında Ermənistana qoyulacaq 2,5 milyard avro məbləğində “mümkün investisiyalar” qeyd olunur. Vurğulamaq istəyirəm ki, bu, Avropa İttifaqının bir neçə il əvvəl vəd etdiyi, lakin ötən müddət ərzində təmin edə bilmədiyi həmin vəsaitdir”.
O, həmçinin əlavə edib ki, Avropa İttifaqı İrəvana Moskva ilə mövcud olan faydalı əlaqələrin qarşılığında heç bir alternativ təklif etmir.
Babayolu.az