Bu gün Qurban bayramıdir… İlahı buyruğun mahiyyətində fədakarlıq, ehtiyacı olanın halına yanmaq, paylaşmaq və nəfsi tərbiyə etmək dayanır. İslam fəlsəfəsinə görə, bu bayram zənginlə kasıbın eyni masada bərabərləşdiyi, il boyu qazan qaynada bilməyən ailələrin sevindiyi bir gün olmalıdır.
Amma təəssüf ki, hər il bu müqəddəs günlərdə acınacaqlı bir reallığı da müşahidə edirik: bazarlarda ətin və qurbanlıq heyvanların qiyməti süni şəkildə elə bir həddə qaldırılır ki, adi günlərdə güc-bəla ilə bir kiloqram ət alan kasıb təbəqə, bayram günü o ətin qoxusuna belə həsrət qalır.
İbadət, yoxsa qazanc yarışı?
Özünü il boyu bu günə saxlayan, “nə qədər baha satsam, o qədər çox qazanaram” deyən bəzi gözü doymayan işbazlar unudurlar ki, Qurban bayramı bir ticarət festivalı deyil. Qurban kəsmək sadəcə bir görüntü, nümayişkaranə bir şou xarakteri daşımamalıdır.
Müqəddəs kitabda açıqca yazılır: “Onların nə əti, nə də qanı Allaha çatmaz. Allaha çatacaq olan təkcə sizin təqvanızdır (səmimiyyətinizdir)”.
Əgər ortada saf niyyət yoxdursa, qiymətləri qaldırıb insanların cibinə girərək kəsilən qurbanın hansı savabından danışmaq olar?
Əsl dindarlıq və insanlıq – həmin gün qiymətləri aşağı salmaq, hər kəsin süfrəsinə ət getməsinə vəsilə olmaqdır. Millətin bu günü ilə oynayanlar, insanların bayram sevincini burunlarından gətirənlər Allaha deyil, öz tamahlarına qulluq edirlər. Əgər bu dünyada günah və savab anlayışı varsa, o gözü doymayanlar öz yerlərini indidən tam haqq edirlər.
Savab yox, pul qazanmaq istəyən işbazlar! Hazır olun, “sezonunuz” gəldi. Amma unutmayın ki, bəndənin gözünü torpaq doydurmadan əvvəl, Allah o gözü doyuzdurmalıdır. Allah gözünüzü doyursun!
Bayramınız mübarək!
Biz isə bayramı ticarətə yox, Allaha qurban edənləri salamlayırıq.
Qurban bayramınız mübarək, əziz əsl ruhu, canı və əməli ilə müsəlman olanlar!
Qəlbində rəhmət, süfrəsində bərəkət, əməlində dürüstlük daşıyan, ibadəti ticarətlə qarışdırmayan hər bir kəsin bayramı mübarək olsun! Allah kəsilən qurbanları, edilən duaları yalnız və yalnız səmimi qəlbdən edənlərdən qəbul eləsin inşallah.
Yalçın Ağayev
Babayolu.az