Hər bir cəmiyyətin gələcəyi onun təhsil sisteminin çiyinləri üzərində yüksəlir. Təhsil isə təkcə divarlardan və partalardan ibarət deyil; onun əsas sütunları dərsliklər və o dərslikləri şagirdə sevdirən, elmi aşılayan Müəllimdir. Təəssüf ki, bu gün müasir təhsil sistemimizə nəzər saldıqda, həm maddi, həm də mənəvi bir aşınmanın şahidi oluruq. Dövlətin hər il təhsilin inkişafı üçün külli miqdarda vəsait ayırmasına baxmayaraq, sistem ildən-ilə tərəqqiyə yox, tənəzzülə uğrayır. Və etiraf etmək lazımdır ki, bu problem getdikcə daha da dərinləşir.
Maddi keyfiyyətsizlik: İki aya tanınmaz hala düşən kitablar
Keçmiş dövrün dərsliklərini xatırlayanlar yaxşı bilir: qalın cildli, keyfiyyətli kağızdan hazırlanan o kitablar illərlə istifadə olunsa belə keyfiyyətsiz deyildi. Həmin dərsliklər indiki kitablar kimi bir neçə aya sıradan çıxmır, möhkəm quruluşu sayəsində ardıcıl olaraq bir neçə il ərzində tam yararlı vəziyyətdə istifadə edilirdi. Böyük qardaşdan kiçiyə, sinifdən-sinfə ötürülən, vərəqləri cırılmayan, cildi qopmayan o dərsliklər həm də uşaqlarda kitaba qarşı bir məsuliyyət, qoruma hissi və sevgi yaradırdı.
Bu gün isə dövlətin ayırdığı böyük maliyyə vəsaitlərinin fonunda dərsliklər sanki qəsdən elə keyfiyyətsiz hazırlanır ki, cəmi 2-3 aydan sonra tanınmaz hala düşür, “zibillikdən yığılmış” təəssüratı yaradır. Kitabın fiziki olaraq bu qədər tez yararsız hala gəlməsi uşaq şüurunda kitaba qarşı hörmətsizlik formalaşdırır. Cırılan, vərəqləri dağılan bir vəsait şagirddə elmə qarşı hansı estetik zövqü və sevgini oyada bilər?
Məzmun fəlakəti: İbtidaidən yuxarı siniflərə qədər uzanan “əndrabadi” mövzular
Problem təkcə kitabın üz qabığında və ya sadəcə ibtidai sinif dərsliklərində deyil. Bu sistem xəstəliyi təhsilin bütün pillələrini və dərsliklərini ağuşuna alıb. İllərlə nəsillərin dilinin əzbəri olan, uşağın nitqini, təfəkkürünü və milli ruhunu formalaşdıran klassik uşaq şeirləri, hekayələri proqramlardan çıxarılır. Onların yerini isə dili qüsurlu, cümlə quruluşu eybəcər, uşaq psixologiyasına tamamilə yad olan mövzular tutur. Sanki bircə məqsəd güdülür: Uşağı dərsdən və dərslikdən iyrəndirmək.
Dili ağır, məntiqi dumanlı olan dərsliklərlə böyüyən uşaq mütaliədən qaçır, elmdən soyuyur. Təhsil proqramlarını hazırlayanlar anlamalıdırlar ki, dərslik şagirdin səviyyəsinə enməli, onu addım-addım yuxarı qaldırmalıdır. Bizdə isə reallıq tamamilə başqadır.
Xarici dil və tarix kitablarındakı metodik fəlakət
Yuxarı sinif dərsliklərinə, xüsusən də xarici dil və tarix kitablarına baxanda insan dəhşətə gəlir. Məsələn, İngilis dili kitabları elə bir absurd tərzdə tərtib edilib ki, elə bil qarşımızdakı uşaq Azərbaycan mühitində, Azərbaycan ailəsində yox, xalis ingilis ailəsində doğulub boya-başa çatıb! Kitabda şagirdə istiqamət verən, onun müstəqil öyrənməsinə kömək edən elementar bir metodika yoxdur. Çətinliyi olan uşaq hara baxmalıdır? Yeni sözlərin yazılışı, tələffüzü (oxunuşu), mənası haradadır? Heç bir lüğət, heç bir bələdçi funksiyası nəzərdə tutulmayıb. Dərslik öyrətmək üçün yox, sanki şagirdin bilmədiyi ilə onu vurmaq və çətinliyə salmaq üçün hazırlanıb.
Tarix kitablarımız isə daha acınacaqlı gündədir. O qədər quru, o qədər ruhsuz və ağır cümlələrlə doludur ki, sanki hansısa elmi ensiklopediyadan və ya Vikipediyadan (Wikipedia) kor-koranə “kopirovat-vstavit” (köçür-yapışdır) üsulu ilə dərsliyə yerləşdirilib. Tarix bəşəriyyətin və millətin canlı yaddaşıdır, onu şagirdə sevdirərək, hekayə diliylə, təhlil qabiliyyəti formalaşdıraraq öyrətmək lazımdır. Bizim dərsliklərdəki o qarmaqarışıq, ağır cümlələri isə uşaqlar nəinki oxuyarkən, hətta kitaba sadəcə vizual olaraq baxarkən dərhal bezir və iyrənirlər.
Kurikulumun gətirdiyi bəla: müəllimdən “passiv müşahidəçiyə”
Bu tənəzzülün kökündə dayanan ən böyük metodik səhvlərdən biri də kor-koranə tətbiq edilən kurikulum sistemidir. Bu sistem elə ilk gündən “Müəllim” adının və statusunun mahiyyətini dəyişərək onu “fasilitator”, yəni sadəcə bir bələdçi, bir növ kənardan prosesi izləyən müşahidəçi adlandırdı. Zaman keçdikcə bu yanaşma özünün ən eybəcər və real fəsadlarını göstərməyə başladı.
Müəllimin sinifdəki aparıcı, öyrədici, tərbiyəedici və nüfuz sahibi olan mövqeyi əlindən alındı. Sinif otağı elmin və nizam-intizamın mərkəzi olmaqdan çıxıb, müəllimin prosesə lazımi qaydada müdaxilə edə bilmədiyi subyektiv bir nizamsızlığa sürükləndi. Müəllimi passiv bələdçi və müşahidəçi səviyyəsinə endirən bir sistem, şagirdi də elmdən və məsuliyyətdən uzaqlaşdırdı.
Müəllim nüfuzunun aşınması və “cərimə” psixologiyası
Təhsilin digər qanayan yarası isə müəllim amilinə qarşı qurulan inzibati təzyiqlər və yanaşmalardır. Milli Məclisdə digər mühüm qanunlar, struktur problemləri qalıb, şagirdin döyülməsinə görə müəllimə 200 manat cərimə kəsilməsi məsələsinin bu qədər qabardılması cəmiyyətdə çox yanlış və təhlükəli bir rəy formalaşdırır. Elə bir atmosfer yaradırlar ki, sanki müəllim məktəbə bilik verməyə yox, ancaq uşaq döyməyə gedir və buna görə də ondan pul çıxarmaq lazımdır.
Tərbiyəli şagird niyə döyülməlidir? Əgər ailə uşağa ilkin tərbiyəni, böyüyə hörməti, məktəb qaydalarını dürüst aşılayıbsa, müəllim niyə gücə əl atmalıdır? Müəllimi daim cərimə, töhmət və təzyiq qorxusu altında saxlamaq, şagirdi isə tamamilə toxunulmaz, məsuliyyətsiz və cilovsuz bir varlığa çevirmək məktəb mühitini daxildən sarsıdır. Müəllimin nüfuzunu sıfıra endirən, onu öz sinifində aciz və qorxaq duruma salan bir sistemdə hansı keyfiyyətli nəsildən söhbət gedə bilər?
Ziyalıların və elm adamlarının tarixi məsuliyyəti
Kökündən yanlış qurulmuş, həm dərslik siyasətində, həm də müəllim-şagird münasibətlərində ciddi metodik və pedaqoji ağsaqlıqlar olan bu sistem gələcəkdə cəmiyyətimizə çox acı nəticələr yaşadacaq. Bu gün qarşısı alınmayan hər bir kiçik qüsur, sabah savadsız, milli ruhdan uzaq, mənəviyyatsız və idarəolunmaz bir nəslin yetişməsinə rəvac verəcək.
Məhz bu səbəbdən, ölkənin elm adamları, tanınmış ziyalıları, təhsil ekspertləri və qələm sahibləri yaxalarını kənara çəkməməlidirlər. Bu problem təkcə bir nazirliyin və ya məktəb rəhbərliyinin problemi deyil; bu, birbaşa milli təhlükəsizlik və gələcək varlıq məsələsidir. Ziyalılar səsini ucaltmalı, dərsliklərin monitorinqində aktiv iştirak etməli, kurikulum bəlasının və dərslik fəsadlarının aradan qaldırılması üçün elmi əsaslara söykənən tələblər irəli sürməlidirlər.
Vaxtında qarşısı alınmayan xəstəlik sonradan sağalmaz fəsadlar verir. Gələcəyimizi xilas etmək üçün bu gün dərsliklərimizə də, müəllimimizə də sahib çıxmağa və bu səhv sistemi kökündən dəyişməyə səfərbər olmalıyıq!
Yalçın Ağayev
Babayolu.az